16 oktyabr 2018 17:56
1162

Ümumdünya Səhiyyə Təşkilatı Konqodakı vəziyyətdən narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) ölümcül Ebola virusunun sürətlə yayılması ilə əlaqədar böhran komitəsinin iclasını çağırıb.

AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən təşkilatın mütəxəssisləri böhran toplantısında virusa yoluxma hallarının artması fonunda epidemiyanın dünya səhiyyəsi üçün yarada biləcəyi təhlükələri müzakirə edəcəklər. Təşkilatdan verilən məlumata əsasən, ölkənin şərq hissəsində aşkarlanan infeksiyanın qonşu Uqanda və Ruandaya keçmə təhlükəsi mövcuddur.

Komitənin qarşısında duran əsas sual virusun yayılmasını önləmək üçün təcili olaraq tədbirlər paketini işləyib hazırlamaqdan ibarətdir. Konqo Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən həftə 33 nəfər bu virusa yoluxub, onlardan 24-ü artıq dünyasını dəyişib. İyul ayından bəri bu ölkədə təxminən 200 yoluxma halı müəyyən edilib, 130 nəfər isə bu xəstəlik nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2013-cü ildə bu virusun Qərbi Afrika ölkələri Sierra Leone, Liberiya və Qvineyada tüğyan etməsi nəticəsində 11300 nəfər həlak olmuşdu. Məhz bu təhlükəni nəzərə alaraq, ÜST Konqoda vəziyyətin nəzarətə alınmasına çalışır.