16 oktyabr 2018 20:36
2781

Dövlət başçısının hər bir səfəri Qubanın inkişafına yeni nəfəs verir

“Bu gün respublikamızın hər bölgəsinda müşahidə edilən abadlıq-quruculuq işləri Quba rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, ən başlıcası Prezident İlham Əliyevin imzaladığı Dövlət proqramlarından, Fərman və sərəncamlardan irəli gələn vəzifələrin həyata keçirilməsi  rayonun uğurlarını şərtləndirən əsas amillərdir. Şübhəsiz, bütün bunlar  əhalinin problemlərinin çözülməsinə, rahat və firavan yaşayışına, o cümlədən sağlamlığının qorunmasına hesablanıb. Elə bir neçə gün öncə  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Quba rayonunda bir sıra obyektlərin, həmçinin yeni tikilən 230 çarpayılıq Quba Rayon Mərkəzi Xəstəxanasının əhalinin istifadəsinə verilməsi söylədiklərimi bir daha təsdiq edir. Bu sağlamlıq ocağında quraşdırılan ən yüksək standartlara cavab verən tibbi avadanlıqlarla xəstələrə çox mükəmməl tibbi xidmət göstəriləcəyinə əminəm. Onu da deyim ki, bu, rayonda ikinci böyük tibb müəssisəsidir. Belə ki, bir neçə il bundan əvvəl cənab Prezidentin təşəbbüsü ilə Quba şəhərində Müalicə-Diaqnostika Mərkəzi də fəaliyyətə başlayıb. Bununla da əhalimizin uzun illərdən bəri qarşılaşdığı səhiyyə problemləri arxada qalıb”. Bu fikirləri “İki sahil”ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının ümumi terapiya şöbəsinin müdiri,  “Tərəqqi” medallı, Əməkdar həkim  Cabir Məmmədov söylədi.

O daha sonra ötən illəri xatırlayaraq bildirdi: “Halbuki vaxt vardı ki, adi bir xəstəliyi ilə əlaqədar rayonumuzun sakinləri paytaxta üz tuturdular. Bəli, bu gün səhiyyəmizin 25-30 il bundan əvvəlki vəziyyətini yada salanda gözlərimiz qarşısında bərbad, qəzalı vəziyyətdə olan xəstəxanalar canlanır. Lakin ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, möhkəm iradəsi sayəsində ölkəmiz öz iqtisadiyyatını günün tələbləri səviyyəsində qurmaqla səhiyyə sahəsinə də yeni nəfəs verdilər. Fikrimi bir faktla əsaslandırmaq istərdim: son 15 ildə respublikamızda  600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, dövlətimizin başçısının insanların sağlamlığına verdiyi böyük töhfədir. Bu mənada deyərdim ki, son 15 ildə ölkəmiz səhiyyə sahəsində əsrə bərabər inkişaf yolu keçib. Bir sözlə, son illər ərzində ölkəmizdə səhiyyə ilə bağlı problemlər uğurla həllini tapıb. Bunu həm vətəndaşlarımız görür, həm də beynəlxalq təşkilatlar bu sahədə aparılan islahatlara yüksək qiymət verirlər. Buna görə hər şeydən əvvəl 40 ildən çox bu sahədə çalışan bir həkim kimi  ölkə başçısına öz adımdan, həmçinin kollektivimizin adından minnətdarlığımızı bildirirəm”.

Müsahibimiz, həmçinin vurğuladı ki, rayonda yeni tikilən digər binalar, abadlaşan  yollar Qubanın infrastrukturunu tamamilə dəyişdirib: “Bu gün Prezidentin həyata keçirdiyi islahatlar sayəsində Quba özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Onu da deyim ki, dövlət başçımız Qubaya 11 dəfə səfər edib və bu səfərlərin hər biri də yeni-yeni obyektlərin açılışları ilə yaddaşlara həkk olunub. Cənab Prezidentin rayonumuza son səfərindən sonra Susay-Xınalıq və Quba-Qonaqkənd avtomobil yollarının, Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi və Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncamlar isə qubalılara Prezidentin növbəti töhfələridir. Bunlar həm də Quba rayonunun kompleks şəkildə inkişafının diqqət mərkəzində olduğunun daha bir bariz nümunəsidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”