13 aprel 2018 23:01
2103

Az dozada alkoqollu içki qəbulu da ömrü qısaldır

Britaniya alimlərinin apardıqları genişmiqyaslı tədqiqat göstərib ki, hər gün bir qədəh pivə içmək belə ömrü qısaldır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, spirtli içki qəbul edən 600 min insanın səhhətinin təhlilinə əsaslanan alimlərin fikrincə, həftədə 5-10 standart doza alkoqollu içki qəbulu ömrü yarım il, 18 dozadan artıq isə beş il qısaldır.

Ekspertlərin qənaətinə görə, bu tədqiqatların nəticələri içkinin “norma daxilində” qəbulunun faydalı olduğuna dair yayılmış fikirləri alt-üst edir. Alimlər 19 ölkədə alkoqoldan istifadə edənlərin səhhətini təhlil ediblər və belə nəticəyə gəliblər ki, 40 yaşından sonra da spirtli içki qəbul edənlərin uzunömürlü olmaq şansı yoxdur. Onlar ölüm riskinin kəskin şəkildə artdığı yuxarı limiti də müəyyən ediblər. Belə ki, həftədə 2,6 litr pivə, yaxud 175 ml orta tündlüyü olan beş qədəh şərab içənlərin infarkt riski 14 faiz, ölümlə nəticələnən hipertoniya ehtimalı 24 faiz, ürək çatışmazlığı isə 9 faiz yüksəlir. Bununla yanaşı, spirtli içkilərin hər hansı miqdarı ürək-damar xəstəlikləri ehtimalını artırır.

Müəyyən edilib ki, az dozada alkoqolun, xüsusilə bir qədəh qırmızı şərabın ürəyə müsbət təsiri haqqında rəylər də şişirdilib. Şeffild Universitetinin professoru Tim Çikonun fikrincə, spirtli içkilərin qəbulu ürəktutmasına müsbət təsir göstərsə də, digər ürək-damar xəstəlikləri riskini, habelə insult ehtimalını artırır.

Hələ 2016-cı ildə Britaniya alimlərinin hesabatını rəhbər tutan həkimlər əhalinin qəbul etdikləri alkoqolun miqdarını azaltmağa, həftədə altı qədəhdən artıq qırmızı şərab, yaxud pivə içməməyə çağırmışdılar. Tədqiqatlara görə, spirtli içki qəbulu İtaliya, Portuqaliya və İspaniyada bu normadan 50 faiz, ABŞ-da isə iki dəfə çoxdur. “British Heart Foundation”ın aparıcı diyetoloqu Viktoriya Teylor hesab edir ki, Britaniyada da insanlar normadan artıq alkoqollu içki qəbul edirlər.

Tədqiqatların rəhbəri, Kembric Universitetinin alimi Ancela Vud hesabatın sonunda yazır: “Əgər siz alkoqoldan istifadə edirsinizsə, onun miqdarının azaldılması ömrünüzün uzanmasına kömək edər və ürək-damar xəstəlikləri riskini azalda bilər.