17 yanvar 2018 14:27
1195

Növbəti qanvermə aksiyası

SOCAR-ın Sosial İnkişaf İdarəsinin əməkdaşları qanvermə aksiyasına qoşuldular

Hər zaman gərgin əməyi və fədakarlığı ilə seçilən neftçilərimiz daim humanitar təşəbbüslərin, xeyirxah aksiyaların önündə gedib, öz fəallıqları ilə başqalarına nümunə olublar. Son dövrlərdə SOCAR-ın müxtəlif struktur bölmələrində talassemiya xəstəliyinə düçar olmuş uşaqlar üçün keçirilən qanvermə aksiyaları buna bariz nümunədir.

Ötən gün SOCAR-ın Sosial İnkişaf İdarəsinin işçilərinin iştirakı ilə qanvermə aksiyası keçirildi. Sosial İnkişaf İdarəsinin rəis müavini Namiq Quliyev ilk olaraq qan verdi. Hər zaman SOCAR tərəfindən təşkil olunan qanvermə aksiyalarında neftçilərin fəallığını vurğulayan N.Quliyev qeyd etdi ki, talassemiyadan əziyyət çəkən uşaqlara humanitar yardımla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən aksiyalar öz müsbət nəticəsini verməkdədir: “Fondun başladığı bu xeyirxah və humanist aksiyaya qoşulan SOCAR-ın bütün strukturlarının, o cümlədən Sosial İnkişaf İdarəsinin kollektivi qanvermə aksiyalarında fəal iştirak edib.”

Tədbirdə Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən qanvermə zamanı donorlara yüksək tibbi xidmət göstərilirdi. Aksiyadan əvvəl hər bir donorun sağlamlığı yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılırdı.

Qanvermə aksiyasında iştirak edənlər bildirdilər ki, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi əlamətdar hadisədir. Bildirildi ki, nəinki neftçilər, digər peşə sahibləri də belə aksiyalarda fəal iştirak etməli, talassemiyadan əziyyət çəkən uşaqlara öz köməkliklərini əsirgəməməlidirlər.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”