13 sentyabr 2017 22:07
296

Parlayan kristallar

Xörək duzu əsl “ağ ölüm”dür! Yəqin bunu oxuyan insanlar daha yeməyin dadına baxmamış onu duzlamayacaq, limonu, alçanı “NaCl”a batırmayacaq, turşulardan az istifadə edəcəklər. Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Duz bizə nə zamandan məlumdur, bəs niyə duzu “ağ ölüm” adlandırırlar, orqanizmə hansı zərərləri vurur, gün ərzində duzdan nə qədər istifadə etməliyik? Oxusanız biləcəksiniz.

Mənbələrə görə Qafqazda xörək duzunu ilk dəfə azı 5 min il bundan əvvəl çıxarıblar. Şərqin qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərinin yaxınlığındakı duz mədəninin istismarı tarixi daş dövrünə gedib çıxır. Əsrlərlə buradan Şərqin müxtəlif ölkələrinə duz daşınıb. XIX əsrdə Naxçıvan Azərbaycanın Bakı və Gəncə qəzalarını duzla təmin edirdi. Məlumata görə, 1866-cı ildə Naxçıvanda 11 min ton duz çıxarılıb. Statistikada göstərilir ki, 80-ci illərdə Naxçıvan orta hesabla hər il 4800 ton duz verirdi.

Mütəxəssislər tarixi daş dövrünə dayanan duzun normadan artıq istifadə edildiyi təqdirdə orqanizmdə arzuolunmaz fəsadlarla, xəstəliklərlə üzləşə biləcəyimiz xəbərdarlığını edirlər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, iflic olanların 62 faizi, ürək-damar xəstəliklərinin 49 faizi yüksək qan təzyiqi ilə bağlıdır. Endokrinoloq Fərqanə Məmmədli bildirir ki, yüksək qan təzyiqi hətta dünyada insan ölümlərinin də əsas səbəbləri sırasında yer alıb. “Mütəmadi olaraq normadan artıq duz qəbul edən insanlarda böyrək çatışmazlığının da sürətlə artması müşahidə olunur. Əsəbilik, baş gicəllənməsi, diqqətin yayınması, yuxusuzluq kimi arzuolunmaz fəsadlar qaçılmazdır. Mədə xərçəngi və astma xəstəliyinin də səbəbləri arasında məhz duz amili yer alıb. Bundan əlavə, belə insanlarda aşağı ətraflarda şişkinlik- ödem və digər diskomfort halları yaşanır”.

Yaponiyalı alimlərin apardıqları uzun-uzadı araşdırma və analizlər isə göstərib ki, mütəmadi olaraq duzlu qidalar qəbul etmək mədədə xərçəng xəstəliyinə səbəb olur. Bu, xüsusilə kişilərə aiddir. 11 il ərzində təxminən 40 min yaponiyalı üzərində aparılan tədqiqat göstərib ki, duzlu yeməyi sevən kişilərin hər 500 nəfərindən 1-də mədə xərçəngi yaranır. Çəki artımına aparan yolda da həddən artıq duzlu yeməklərdən istifadə əsas səbəblər sırasındadır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər bir insanın gündə maksimum 5 qrama qədər duzdan istifadəsi norma sayılsa da, bu gün dünyanın bir çox ölkəsində gündəlik duzdan istifadə adambaşına 9-12 qramdır. Həkimlər bildirirlər ki, insanın duzdan istifadə səviyyəsini pəhriz yolu ilə tədricən azaltması ürək xəstəlikləri, ürək tutma, iflic, böyrək xəstəlikləri, mədə xərçəngi riskini 16-25 faiz azaldır, sümükləri qoruyur. Mütəxəssislər insanların bu risklərdən qorunmaları üçün fasd-food, yəni restoranlarda satılan, yağda qızardılaraq tez bişən yeməklər yeməməyə çağırırlar. İnkişaf etmiş ölkələrdə aparılan araşdırmalar göstərib ki, insanlar gündə qəbul etdikləri duzun 75-80 %-ni məhz bu duzlu yeməklər sayəsində qəbul edirlər.

Dünya Səhiyyə Təşkilatı xroniki xəstəliklərin qarşısını almaq üçün insanların gündə 5 qramdan az duz istifadə etmələrini təklif edir. İngiltərə apardığı siyasət ilə də hazır qidalardakı duz nisbətini 9.5% azaltmağı bacardı. Fransızlar da xeyli müddətdir ki, çox məhsuldakı duz miqdarını azaltdılar və gündəlik duz istehlaklarını 8 qramdan aşağı salmağa çalışırlar. ABŞ-ın hədəfi miqdarı gündə 6 qramla məhdudlaşdırmaqdır. Ancaq yüksək təzyiqdən əziyyət çəkənlərin, 40 yaş və daha yaşlıların, qara irq üçün təklif edilən miqdar gündə 3 qramdır.

Mütəxəssislər bildirirlər ki, duzu birdən-birə kəsmək də çox çətindir. Lakin tədricən azaldılsa bir neçə həftə içində dad duyğusu buna alışar.

Deyirlər, “Duzsuz dadlı olmaz, çörəksiz də doyumlu”, amma həm də deyiblər ki, “sağlamlığınız imkan verdiyi qədər onu qorumağa çalışın!”

Günel Eyyubova, “İki sahil”