13 sentyabr 2017 15:02
636

Səhiyyə işçiləri üçün 555 vakant iş yeri çıxarılıb

Naxçıvan: səhiyyə işçiləri üçün keçirilən əmək yarmarkasına 555 vakant iş yeri çıxarılıb

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasında və əhalinin işlə təminatında əsaslı rol oynayır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası təşkil edib.

Səhiyyə Nazirliyinin inzibati binasında keçirilən yarmarkadan əvvəl nazir Niyazi Novruzov tədbiri açaraq səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Qeyd olunub ki, son illər səhiyyənin inkişafında, yeni strukturlu müəssisələrin yaradılmasında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə edilib. Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibbi avadanlıqlar və texnika ilə təchiz edilmiş 200-dən çox yeni səhiyyə müəssisəsi istifadəyə verilib, fəaliyyət göstərən tibb müəssisələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Belə bir şəraitdə tibbi kadr təminatı xüsusi əhəmiyyət kəsb edir və keçirilən ənənəvi səhiyyə yarmarkaları kadr probleminin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda tam istiqamətləndirici və tənzimləyici xarakter daşıyır. Yarmarkaya 555 vakant iş yeri təqdim edilib. İşaxtaran ali və orta tibb təhsilli məzunlar şəffaf şəkildə seçim edə bilərlər.

Tibb işçilərinin əmək yarmarkasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı sahəsində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, icbari tibbi sığortanın tətbiqi üçün geniş imkanlar yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamı ilə “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair Tədbirlər Planı” təsdiq edilib və icrasına başlanılıb. Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldəcək. Muxtar respublikada tibbi kadrlara olan tələbatın ödənilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində ali, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadr hazırlığı aparılır. Kadr hazırlığı ilə yanaşı, onların işlə təminatı da diqqətdə saxlanılır. Bu məqsədlə muxtar respublikada dövlət qulluğuna qəbul imtahanları, eləcə də əmək yarmarkaları keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə keçirilən tibb işçilərinin əmək yarmarkası da artıq ənənə halını alıb. Bu yarmarka muxtar respublikanın, xüsusən də ucqar kəndlərin səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Rəhman Məmmədov bildirib ki, kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər müəyyənləşdirilib. Belə ki, dövlət ali və orta ixtisas təhsili məktəblərini tibbi ixtisaslar üzrə bitirərək dövlət sifarişinə uyğun iş yerlərində əmək fəaliyyətinə başlayan və həmin fəaliyyəti davam etdirən gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 33 manat məbləğində kompensasiya verilir. Həmçinin rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən tibb müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına 66 manat məbləğində əlavələr ödənilir. Ciddi kadr tələbatı olan bölgələrdəki konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə isə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 misli həcmində birdəfəlik yardım verilir.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov qeyd edib ki, cari ilin 8 ayı ərzində aktiv məşğulluq tədbirləri çərçivəsində 1816 nəfər müvafiq iş yerlərinə göndəriş alıb, 391 nəfər peşə və ixtisasına uyğun işlə təmin olunub. Səhiyyə sahəsi üzrə təşkil olunan ənənəvi əmək yarmarkası tibbi kadrların peşə və ixtisaslarına uyğun işlə təmin olunması üçün yaradılan imkanlardan biridir.

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müalicə işi ixtisası üzrə məzunu Aysel İsmayılova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, işəgötürənlər tərəfindən yaradılan şəffaf şəraitə görə minnətdarlığını bildirib.

Sonra yarmarkaya gələnlər vakant iş yerləri ilə tanış olublar. Əmək yarmarkasında 33 nəfər işə göndəriş alıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu