14 noyabr 2017 04:29
4578

Həyat tərzinə çevrilən xəstəlik – şəkərli diabet

Dr.Terapevt-Endokrinoloq Cahan Atayeva: “Şəkərli diabet xəstəliyindən qorunmaq üçün az-az, lakin tez-tez qidalanmaq, artıq çəkidən mütləq qurtulmaq, idman etmək - velosibet sürmək, qaçmaq, yaxud bir az sürətli gəzmək, karbohidratı maksimum azaltmaq lazımdır”

Son dövrlər bütün dünyada olduğu kimi ölkəmizdə də şəkərli diabet xəstəliyinin daşıyıcılarının sayı artmaqdadır.

Endokrin xəstəlik olan şəkərli diabet, mütləq və ya nisbi insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda şəkər səviyyəsinin xroniki artımı ilə səciyyələnir. Xəstəlik maddələr mübadiləsinin bütün növlərinin pozulmasına səbəb olur. «Endokrin Mərkəz» tibb mərkəzinin internet səhifəsində qeyd edilir ki, şəkərli diabetin 5 klasifikasiyası - insulindənasılı diabet (1 tip şəkərli diabet) əsasən uşaqlarda və cavan adamlarda müşahidə olunur, insulindən asılı olmayan diabet (2 tip şəkərli diabet) əsasən 40 yaşdan yuxarı, artıq çəkisi olan insanlarda müşahidə olunur. Bu ən çox rast gəlinən tipdir ( 80-85 % hallarda ), ikincili və ya simptomatik diabet, hamilələrdə diabet, yetərsiz qidalanma ilə bağlı diabet - var. 1 tip şəkərli diabetdə mədəaltı vəz funksiyasının pozulması ilə əlaqədar mütləq insulin çatışmazlığı vardır. 2 tip şəkərli diabetdə nisbi insulin çatışmamazlığı müşahidə olunur. Mədəaltı vəz hüceyrələri bu halda normal miqdarda insulin ifraz edirlər ( bəzən isə normadan artıq ). Ancaq hüceyrə divarlarında qan şəkərinin hüceyrəyə keçməsini təmin edən strukturların sayı azalır və ya onlar bloklaşır. Hüceyrələrdə şəkərin defisiti insulinin daha çox ifraz olunmasına bir siqnaldır , lakin zaman keçdikcə bu bir effekt vermir və insulinin ifrazı azalır. 1 tip şəkərli diabetin yaranmasına səbəb olan əsas faktor – genetik baxımdan meyilli insanlarda virus infeksiyaları (məxmərək , su çiçəyi , hepatit , epidemik parotit və s.) olsa da, 2 tip şəkərli diabetin yaranmasına səbəb olan əsas iki faktor var – artıq çəki və genetik meyillilik.

Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 415 milyon insan şəkərli diabetlə yaşayır və ehtimal olunur ki, bu rəqəm 2040-ci ilə qədər 640 milyona qədər artacaq. Azərbaycanda hazırda şəkərli diabeti olan 200 mindən çox insan diaqnostika edilib. Hər il milyonlarla insanın dünyasını dəyişdiyi şəkərli diabetlə mübarizədə "Novo Nordisk" şirkəti önəmli yer tutur. Belə ki, dünya üzrə tanınan və bir əsrə yaxın tarixə malik şirkət şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edir.  "Novo Nordisk" yüksək keyfiyyətli dərmanların istehsalında ən qabaqcıl şirkət olmaqla yanaşı, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da öz töhfəsini verir.

Xatırladaq ki, ölkəmizdə və dünyada humanitar dəstəyin təminatçısı kimi qəbul edilən, 2007-ci ildən başlayaraq dünya şəkərli diabetlə mübarizə kampaniyasına qoşulan Heydər Əliyev Fondu ictimaiyyətin diqqətini sağlamlığa ciddi təhlükə mənbəyi olan şəkərli diabetə yönəltmək və onun qarşısını almaq səylərinin artırılması istiqamətində müxtəlif layihələr icra edir. Xüsusilə də şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına ciddi dəstək göstərilir. Heydər Əliyev Fondu ölkəmizdə şəkərli diabetdən əziyyət çəkənlərə dövlət qayğısına əsaslı dəstək verməklə, həm də sağlamlığımızın və genofondumuzun qorunmasında yaxından iştirak edir.

Dövlətimiz şəkərli diabet xəstəliyindən əziyyət çəkən vətəndaşlara xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyev 23 dekabr 2003-cü il tarixində imzaladığı “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu” da dövlətin həyat tərzinə çevrilmiş xəstəlikdən əziyyət çəkən vətəndaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu Qanunun imzalanmasından sonra dövlət proqramı hazırlanıb, müvafiq tədbirlər görülüb, bu gün də davam etdirilir. Xeyli sayda şəkərli diabet xəstəsi şəkərin səviyyəsini ölçən aparatla - qlükometrlə, şəkərsalıcı preparatlarla, insulinlə, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunublar.

Dövlətin vətəndaşlarına göstərdiyi bu qayğı şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar və onların doğmaları tərəfindən böyük rəğbətlə qarşılanır, minnətdarlıqlarını ifadə edirlər. Məsələn, 66 yaşlı valideynlərim – Əliyev Ağalar və Əliyeva Bəyim də bu xəstəlikdən əziyyət çəkən vətəndaşlardandır. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən valideynlərim də adıçəkilən xəstəlik aşkarlandığı zaman bir xeyli narahatlığımıza səbəb oldu. Xüsusi ilə mütəmadi olaraq müayinə olunmaq, pereparatlardan istifadə etmək qayğılarımızı artırırdı. Ancaq dövlətin şəkərli diabetdən əziyyət çəkən vətəndaşlarının müalicəsini üzərinə götürməsi qayğılarımızı bir xeyli azaldıb. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bu xəstəliyin daşıyıcılarına qayğı göstərən hər bir şəxsə dərin təşəkkürlərini çatdıran valideynlərim bildirir ki, mütəmadi olaraq pulsuz müayinə olunmaları, pulsuz dərmanlarla və xəstəliyi nəzarətdə saxlamaq üçün şəkər ölçən aparatla təmin olunmaları diqqətlərini düzgün qidalanmaya yönəltmələrini təmin edib: “İstifadə etdiyimiz dərmanın qiyməti 12-13 manatdır. İki nəfər üçün aldığımızı nəzərə alsaq, ay ərzində ən azından 20-30 manat pul edir ki, dərmanları pulsuz aldığımız üçün həmin pulu qidalanmaya xərcləyirik. Bundan əlavə, xəstəliyin səviyyəsini yoxlamaq üçün pulsuz aparat da veriblər ki, əvvəllər hər dəfə şəkərimizi ölçdürəndə hərəmizə 5 manat pul verirdik. Şəkər ölçən aparat dövlət tərəfindən pulsuz verildiyi üçün əlavə xərcdən də xilas olmuşuq”, - deyə qeyd edirlər.

Şəkərli diabet xəstəliyinin əlamətləri, yaranma səbəbləri və müalicə üsulları ilə bağlı suallarımızı cavablandıran “Baku Medical Plaza”nın həkimi Dr.Terapevt-Endokrinoloq Cahan Atayeva dedi ki, xəstəliyin mövcudluğunu bildirən klassik əlamətləri var: “Bol su içmək, tez-tez sidiyə çıxmaq, dəri quruluğu və bundan qaynaqlanan qaşınmalar, gec sağalan yaralar, çox yemək, tez-tez acmaq və ac qalanda əsmək, həmçinin bəzi insanların boynunda ləkələr olur. Sanki çirkdir. Hətta sürtəndə də getmir. Eləcə də bəzi insanların boynunda şişkinlik olur. Çoxu bunun əyri oturmaqdan qaynaqlandığını düşünsə də əslində, bu, şəkərli diabetin gizli göstəriciləridir”.

Xəstəliyin yaranma səbəblərindən danışan Dr. C.Atayeva əsasən əsəb, gərginlik, stress, çox yemək və bunun səbəb olduğu artıq çəki, qarın bölgəsində piylənmə və piylənmənin bədənin öz insukjininin normal işləməsinə yaratdığı bariyer olduğunu bildirdi: “Bu dediklərim ikinci tip diabetə aiddir. Birinci tip diabetli insanlarda bədəndə insulin hormonu çatmır. Nəticə etibarı ilə qidanın tərkibindəki qlükoza daima qanda yüksək olur. Bunun da müalicəsi orqanizmdə insulin çatışmamazlığını aradan qaldırmaqdır. İkinci tip diabetin müalicəsi isə ancaq pəhriz, yəni düzgün qidalanma və fiziki aktivlikdir. Eyni zamanda dərman müalicəsi aparılmalıdır”.

“Baku Medical Plaza”nın həkimi tövsiyə edir ki, şəkərli diabet xəstəliyindən qorunmaq üçün az-az, lakin tez-tez qidalanmaq, artıq çəkidən mütləq qurtulmaq, idman etmək - velosiped sürmək, qaçmaq, yaxud bir az sürətli gəzmək, karbohidratı maksimum azaltmaq lazımdır. Diabetli xəstələr də eyni qaydalara əməl etməlidirlər ki, xəstəlik ağırlaşmasın: “İnsulin istifadəsinə gəlincə isə qanda HbA1C deyilən göstərici var. Onun səviyyəsinə görə, insulin ikinci tip diabetli xəstələrə təyin edilir. Eyni zamanda, yanaşı xəstəlikləri olduqda və mütləq insulinə göstəriş varsa, o zaman birinci tip diabetli xəstələrə ilk gündən insulin təyin edilir. Onu da qeyd edim ki, kəskin böyrək, qaraciyər çatışmazlığı olan xəstələrə, əməliyyata gedən və əməliyyatdan çıxan xəstələrə də insulin vurulur”.

“Normal insanda ac qarnına, yəni 8 saat qida və maye qəbul etmədikdə şəkərin səviyyəsi 70-100 (3.88 – 5.55) olmalıdır. 100-125 (5.55 – 6.94) gizli şəkər adlanır və mütləq araşdırılmalı, qarşısı alınmalıdır ki, diabet xəstəliyinə tutulmasın. Diabetli insanlarda isə ac qarnına şəkərin səviyyəsi 100 (5.55)-120 (6.66), tox qarnına, yəni yeməkdən 2 saat sonra isə 130 (7.22)-140 (7.77)-150 (8.33) olması qənaətbəxş sayılır”, deyə Dr.Terapevt-Endokrinoloq Cahan Atayeva məlumatlandırdı.

Qeyd etdik ki, şəkərli diabetlə mübarizənin əsas şərtlərindən biri pəhrizdir. Maraqlıdır, xəstəliyin daşıyıcıları necə qidalanmalıdır? Hansı yeməklər qəbul edilməli, hansılar qidalanmadan çıxarılmalıdır? Bununla bağlı saglamolun.az saytında dərc edilmiş məqalədə tövsiyə edilir ki, adıçəkilən xəstəliyin daşıyıcıları adi şəkər və fruktoza, o cümlədən, konfetlər, peçenye, mürəbbə, cem, şokolad, dondurma, bal, yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki, pirojnalar və s.), yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız, təbii meyvə şirələri, kolbasa, sosiska və s. bu kimi məhsullar, xama, qaymaq, mayonez, marqarin, duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar, yağlı ət bulyonları və ağ çörək, banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılmalıdır. Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişlidir Meyvə və giləmeyvələri (şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı) əsas qida qəbullarından ayrı, qida qəbulları arasında isə gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Makaron, sıyıqları (manna sıyıqdan əlavə) qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir. Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. 1 həftədə 2 yumurta (bişmiş və ya omlet şəklində) qəbul etmək olar. Süd məhsullarının (süd, kəsmik, kefir, qatıq, pendir) isə yalnız yağlılığı az olanlarını seçmək lazımdır.  Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar. Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılmalıdır. Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz. Tərəvəzləri isə hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir. Qara çörək qəbul etmək olar.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”