17 noyabr 2017 21:33
833

Erkən doğulan uşaqlar çəhrayı şarları səmaya uçurublar

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun foyesi əllərində çəhrayı rəngli şar tutmuş müxtəlif yaşlı uşaq və valideynlərlə dolu idi. Daha körpə uşaqlar analarının qucağında hər şeydən xəbərsiz şəkildə mışıl-mışıl yuxuya getmişdilər. Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqlar Gününə həsr edilən ənənəvi tədbir bayramsayağı bəzədilmiş foyedə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri institutun direktoru Cəmilə Qurbanova açaraq beynəlxalq günün tarixi və əhəmiyyəti barədə danışıb. Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov son illər ölkəmizdə vaxtından qabaq doğulanlara göstərilən xidmətin səviyyəsinin yüksəldiyi barədə məlumat verib. Onun verdiyi məlumata görə, hamiləliyin 22-ci həftəsindən başlayaraq 38-ci həftədən daha erkən müddətdə doğulan uşaqlar vaxtından qabaq doğulmuş sayılır. 2015-ci ildə ölkə üzrə dünyaya gələn 1146 vaxtından qabaq doğulmuş körpənin 829, keçən il 1389 körpənin 1067, bu ilin on ayının statistikasına görə 978 körpədən 741-i sağ qalaraq yaşamaqda davam edib. Qeyd olunub ki, ekstremal çəki, 500 qramdan 1000 qramadək çox az çəki ilə, yəni 1000 qramdan 1500 qramadək olan körpələr xüsusi qulluq tələb edir və son illər həmin qəbildən olanlara göstərilən xidmətin səviyyəsi də yüksəlib. Uşaq səhiyyə müəssisələri bu sahədə olan göstəricilərin dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırılmasına çalışırlar.

Perinatal Mərkəzin direktor müavini Məryəm Rzayeva, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor müavini Nailə Rəhimova, eləcə də valideynlər çıxış edərək əlamətdar gün münasibətilə vaxtından əvvəl doğulan körpələri və onların ata-analarını təbrik edib, neonatoloq və pediatrlara öz təşəkkürlərini bildiriblər.

Sonra tədbir iştirakçıları foyedən bayıra çıxaraq vaxtından qabaq doğulan körpələrin simvolik rəngi sayılan çəhrayı şarları havaya uçurublar...