17 noyabr 2017 22:25
870

Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsində tədbir keçirilib

Noyabrın 17-də N.Nərimanov adına 1 saylı uşaq yoluxucu xəstəlikləri xəstəxanasında antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəsi Cəvahir Süleymanova, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin hava-damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova, xəstəxananın heyəti və digər tibb müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə çıxış edən N.Mürsəlova bildirib ki, antibiotiklərdən səmərəli istifadə edilməli, onların təyinatının və qəbulunun xüsusi qrafiki olmalıdır. Vurğulanıb ki, son zamanlar antibiotiklərin təyinatı həkim səlahiyyətindən kənara çıxır. Bəzən insanlar həkim müayinəsi olmadan ya özlərinə həmin dərman preparatlarını alır, ya da ki, digərlərinə tövsiyə edirlər. Nəticədə heç bir protokol və dozalanma qaydasına uyğun olmayan ikinci sıra antibiotiklər istifadə edilir. Son nəticə olaraq isə orqanizmdə həmin preparatlara qarşı davamlılıq yaranır və lazımi anda istifadə edildiyi təqdirdə müalicə nəticə vermir.

Daha sonra çıxış edən C.Süleymanova noyabrın 13-dən 19-dək DST-nin təşəbbüsü ilə Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsinin keçirildiyini qeyd edib: “Kampaniya “Antibiotikləri qəbul etməzdən əvvəl ixtisaslaşmış səhiyyə mütəxəssisi ilə məsləhətləşin” devizi altında keçirilir. Antibiotiklər dəyərli vasitədir, ona görə də onları qəbul etməzdən əvvəl düzgün tövsiyə almaq vacibdir. Antibiotiklərdən məsuliyyətlə istifadə həm daha yaxşı müalicə olunmağa, həm də antibiotiklərə davamlılığın inkişaf etməsinin azaldılmasına kömək edəcək.

Kampaniyanın məqsədi antibiotiklərə davamlılığı səhiyyədə qlobal miqyasda tanınmış problem elan etmək, antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanmasına dair maarifləndirmə işlərini fəallaşdırmaqdır. Həmin dərman preparatlarına qarşı rezistenliyin qarşısının alınmasına hər kəs kömək edə bilər – ictimaiyyət, siyasətçilər, səhiyyə işçiləri, əczaçılıq sənayesi, fermerlər və baytarlar. Həmin məqsədlə maarifləndirmə tədbirləri və təbliğat kampaniyaları təşkil olunur. Posterlər, bukletlər hazırlanıb və tibb müəssisələrinə paylanacaq. Hazırda dünyada antibiotiklərdən istifadə əhəmiyyətli dərəcədə azalıb”, - deyə C.Süleymanova bildirib.

DST-nin nümayəndəsi antibiotiklərin qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasını, əllərin lazımi gigiyenasına riayət edilməsini tövsiyə edib.

Tədbir zamanı infeksion xəstəliklərdə antibiotiklərin istifadəsi, apteklərdə satış qaydaları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.