16 yanvar 2018 21:03
1291

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində humanitar tibbi aksiya təşkil olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb universitetlərində Endokrinologiya və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Georgiya ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji cəmiyyətlərinin üzvü, hazırda Bakı şəhərindəki “HB Güvən” klinikasında fəaliyyət göstərən endokrinoloq Rövşən Həsənovun rəhbərliyi ilə 7 nəfərlik yüksəkixtisaslı həkim heyəti yanvarın 12-dən 15-dək Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində humanitar aksiya keçirib.

Aksiya zamanı pasiyentlər müxtəlif xəstəliklər üzrə tibbi müayinələrdən keçirilib, 6 uşaq üzərində cərrahi əməliyyat aparılıb. Xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri də həyata keçirilib. Şəkərli diabet xəstəliyinin risk amilləri araşdırılıb, xəstələr həmçinin ortopedik-travmatoloji və psixiatrik müayinələrə cəlb olunub. Aksiya müddətində 411 nəfər müayinə edilib.

Keçirilən növbəti humanitar aksiyada yerli həkim və orta tibb işçiləri də iştirak ediblər.