16 iyul 2018 20:21
1476

Bəhruz Quliyev: Düşmən qüvvələr mənfur planlarını icra edə bilməyəcəklər

“Çünki onların qarşısında güclü xalq-iqtidar birliyi və sarsılmaz vətəndaşlıq mövqeyi dayanıb”

“Öncə Gəncədə, sonra isə Sumqayıtda baş verən məlum olayların ardınca, bir daha bəlli oldu ki, bu kimi məsələlərin arxasında dayananlar məhz xarici qüvvələr, eləcə də din pərdəsi altında ekstremist qruplaşmalardır”. Bu fikirləri “İki sahil”ə “Səs” Media Qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev vurğuladı ki, həmin qüvvələr Azərbaycanda mövcud olan sabitliyi pozmağa, xalq arasında çaşqınlıq yaratmağa, vətəndaş itaətsizliyinə cəhdlər göstərsələr də onların arzuları reallaşmamış qaldı: “İstər Gəncədə, istərsə də Sumqayıtda hüquq-mühafizə orqanlarının keçirdikləri operativ və uğurlu əməliyyatlar nəticəsində din pərdəsi altında fəaliyyət göstərən radikallar həbs edildilər. Xatırladım ki, müvafiq güc strukturlarımız da qanunları pozanların məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıqlar etmişdilər.

Digər tərəfdən, artıq o da məlumdur ki, İranın Qum şəhərində olan Tohid İbrahimbəyli buradan həmin şəhərə dini təhsil almağa gedən insanları öz təsir dairəsinə salaraq, Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən qruplara cəlb edib. Hesab edirəm ki, məhz Gəncə və Sumqayıt şəhərlərində sabitliyi pozmağa çalışan qrupların bir-biri ilə bağlılıqları var və onların hər biri Tohid İbrahimbəyli tərəfindən hazırlanmış şəxslərdirlər”.

“Əbəs deyil ki, Gəncədə icra başçısına qarşı sui-qəsd aksiyası həyata keçirən Yunis Səfərovun da həmin dairələrlə sıx bağlantıları olub, hətta hərbi təlimlər keçərək Suriyada döyüşüb”,- deyə qeyd edən ekspertin fikrincə sonradan bu kimi şəxslər yeni təlimatlar, sifarişlər alaraq, Azərbaycanda iğtişaşlar törətməyə göndərilirlər: “Məncə, xarici ölkələrdə dini təhsil alanların bəzilərinin sonradan separatçılıq, terrorçuluq elementlərinə bulaşmalarına, yəni təsir dairələrinə düşmələrinə daha bir səbəb onların müəyyən məsələlərdə şantaj edilmələridir. Çünki əsas hədəf hüquqi və demokratik Azərbaycan dövlətidir. Düşünürəm ki, Tohid İbrahimbəyli kimi təxribatçı insanlar din faktorundan sui-istifadə edirlər və əsasən, dini təhsil alan şəxslərin terrorçuluğa, təxribatçılığa yönləndirmək istiqamətində bəlli qüvvələr qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışırlar. Lakin göründüyü kimi, Azərbaycan dövləti, sağlam düşüncəli ictimaiyyət və güc strukturlarımız ayıq-sayıqlığını qoruyur, belə halların qarşısı zamanında, qətiyyətlə alınır. Beləliklə, tam əminliklə deyə bilərəm ki, heç bir xarici və daxili düşmən qüvvələr, din pərdəsi altında gizlənən radikal qruplaşmalar öz çirkin, mənfur planlarını icra edə bilməyəcəklər. Çünki onların qarşısında güclü xalq-iqtidar birliyi və sarsılmaz vətəndaşlıq mövqeyi dayanıb”.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”