23 yanvar 2018 22:25
873

Yaponiyanın Azərbaycandakı səfiri “ASAN xidmət”dən yazıb

Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir.

AZƏRTAC xəbər ki, bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.

Bir çox inkişaf etmiş ölkələrdə belə sistemlərə rast gəlindiyini bildirən diplomat deyib: “Amma Azərbaycanda “ASAN xidmət” vasitəsilə insanlar yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə 240-dan çox xidmətdən yararlana bilərlər”.

“ASAN xidmət” mərkəzini ziyarət edən səfir gördüklərindən təəccübləndiyini gizlətməyib və diqqətini cəlb edən bəzi məqamları izləyiciləri ilə paylaşıb. O qeyd edib ki, mərkəzdə gördüyü əhali sayı, həqiqətən də bu xidmətin məmnunluğundan xəbər verir. “Mərkəzdə yaradılan pəncərə sistemi, şəffaflığın qorunması, ünsiyyət zamanı yüksək mədəniyyətin nümayişi, keyfiyyətli xidmət əhali çoxluğunun səbəbini izah edir. Bu onu göstərir ki, insanlar bu xidməti dəstəkləyir və ondan razıdır”,-deyə diplomat vurğulayıb.

Səfir qeyd edir ki, inkişaf etmiş qabaqcıl ölkələrdən biri olan Yaponiyada müqayisə üçün nümunə axtardım, lakin öz ölkəmdə bu səylər yenicə başlayıb və tam gücü ilə işə düşməyib. Həmçinin yazıda “ASAN xidmət” dünyada mövcud olan bir çox nəhəng sistemlərlə müqayisə edilir.

Son olaraq, Azərbaycan xalqının Prezident İlham Əliyevin yüksək etimadı ilə yaradılan və BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”lə fəxr etdiyi qeyd olunur. O, gələcək paylaşımlarında mövzunu davam etdirəcəyini də bildirir.