23 yanvar 2018 22:24
812

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi BAMF-da olub

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub.

BAMF-dan bildiriblər ki, Fondun prezidenti Umud Mirzəyevlə keçirilən görüşdə BAMF və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi arasında faydalı əməkdaşlığın qurulması üçün perspektivlər imkanlar müzakirə olunub. Görüşdə qeyri-hökumət təşkilatlarının Azərbaycanın cəbhəyanı rayonlarında müxtəlif sosial-iqtisadi, humanitar və infrastruktur layihələrinin həyata keçirilməsi sahəsindəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Umud Mirzəyev fondun fəaliyyət istiqamətləri və eləcə də müharibədən əziyyət çəkmiş rayonlarda uğurla həyata keçirilən layihələr barədə məlumat verib. Umud Mirzəyev qonağı Tərtər rayonunda yerləşən BAMF-ın Peşə Təlim Mərkəzinin fəaliyyəti və bu yaxınlarda BAMF-ın təsis etdiyi “Avrasiya” Təhsil Mərkəzinin fəaliyyəti barədə də məlumatlandırıb. Bildirilib ki, BAMF Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq sahəsində, media sferasında, həmçinin müxtəlif birgə tədbirlərin təşkil olunmasında yaxşı təcrübəyə malikdir.

Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Aİ-nin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas təşkilatın fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, həmçinin “Eurasia Dairy”, “Eurasia Press” və “Eurasia Production”nın daxil olduğu “Eurasia Media Network”ün fəaliyyəti ilə tanış olub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi 2007-ci ildə BAMF tərəfindən yaradılan “Eurasia Credit” bank olmayan kredit təşkilatının işini də yüksək qiymətləndirib. Umud Mirzəyev Kestutis Yankauskası Azərbaycanın cəbhəyanı rayonlarına səfər etmək və ən yaxın zamanda BAMF-ın bu regiondakı fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə dəvət edib.

Sonra Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunda uğurla təcrübə keçmiş şəxslər sertifikatların təqdimolunması mərasimində iştirak edib.

Müzakirələrdə, həmçinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə əməkdaşı Austra Raysite-Daunkantiene də iştirak edib.