21 sentyabr 2017 18:34
340

Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib

Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, həmçinin miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrinin iclasları keçirilib.

Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova iclaslarda iştirak edib.

Bərabərlik və qeyri-diskriminasiya üzrə komitənin iclasında S.Qafarova Azərbaycanda bu sahədə görülən işlərdən, qadınların siyasi, iqtisadi sahələrdə fəallıqlarından, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün hər cür şəraitin yaradılmasından və bu baxımdan milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. O, eyni zamanda, ölkədə qaçqın qadınlara yuxarıda sadalanan sahələrdə yaradılan şəraitdən də söz açıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova şəbəkə haqqında komitəyə hesabat verib.

S.Qafarova, həmçinin AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında da iştirak edib. İclasda miqrant, məcburi köçkün və qaçqınların hüquqlarının təmin olunması, onlara humanitar yardımların göstərilməsi məsələləri müzakirə olunub. Tədbirdə miqrantların və qaçqınların qəbul şərtləri ilə bağlı baş məruzəçi təyin edilib.