21 may 2018 23:41
1174

Azərbaycan haqlı mövqeyini beynəlxalq tribunalardan səsləndirməyi bacarır

Azərbaycanın beynəlxalq miqyasda nüfuzu hər gün daha da artır, milli dövlətçiliyimiz möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkəmiz çox böyük qlobal layihələr həyata keçirir. Eyni zamanda Dağlıq Qarabağ probleminin donmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamofob mərkəzlərin xoşuna gəlmir. Ona görə də məkirli qüvvələr vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Çünki erməni lobbisi və ermənipərəst mərkəzlər yaxşı bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək.

Son günlər ölkəmizə qarşı qərəzli münasibətləri müəyyən qərb təşkilatlarından da görürük. Əslində buna təəccüblənmirik. Çünki dəfələrlə özünü demokratiya carçısı kimi göstərən və dünyada demokratiyanın beşiyi kimi tanıdan dövlətlər nədənsə Azərbaycan haqqında olan çox böyük həqiqətlərə susmaqla bizə təəccübümüzü saxlamamağı öyrədiblər. Amma necə deyərlər, dənizə düşən ilana sarılar. Biz də “demokratiya qurucuları”ndan haqqımızı illərdir böyük səbir və dözümlə tələb edirik. Ölkə başçısının rəhbərliyi altında bu səylər getdikcə daha da möhkəmlənir. Şübhəsiz ki, istəyimizin tamına çatmasaq da əvvəlki illərlə müqayisdə olduqca böyük və qətiyyətli yolu geridə qoymuşuq. Çünki bu gün Azərbaycan lazımı tribunalardan özünün haqq səsini eşitdirməyi bacarır.

İllərdir ki, Azərbaycana qarşı qərəzli münasibət göstərən dövlətlərin ən böyük yardımçısının məhz erməni lobbisi olduğunu hamımız yaxşı bilirik. Azərbaycan haqqında eşitdikləri hər xəbərdən, hər hadisədən özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün əllərinə lazım olan material gözləyən mənfur düşmənlərimizin puç olan ümidləri onları ruhdan salsa da, yalan, qərəz dolu məlumatları var gücləri ilə dünya mediasına min bir üzsüzlüklə sızdırmaları illərdir yerində qalır.

Bir neçə gün öncə ABŞ Konqresinin Helsinki Komissiyası tərəfindən Azərbaycanla bağlı keçirilən dinləmələr də elə ikili standartlardan doğurdu. Emin Milli kimilərin Azərbaycan əleyhinə etdikləri çıxışlar bir daha göstərdi ki, hələ də erməni dığalarının əlində oyuncaq olan belə insanlar var. Mövzu ilə bağlı politoloq Fikrət Sadıqovun fikirlərini öyrəndik. Azərbaycana qarşı güclü informasiya təchizat maşınlarıının istifadə olunduğunu dilə gətirən siyasi şərhçi bunu ölkənin dünya birliyinə gündən-günə sürətlənən inteqrasiyası ilə əlaqələndirdi: “Azərbaycana qarşı həyata keçirilən hər bir çirkin kampaniyada erməni dairələri, zəngin erməni diasporu aktiv şəkildə fəaliyyət göstərir. Bunun da bir səbəbi var: Azərbaycan inkişafdadır, müstəqil siyasi kurs  həyata keçirir, heç kəsdən asılılığı yoxdur. Azərbaycan həm Qərb, həm Şərq, həm də Rusiya ilə münasibəltərini normal şəkildə qurur və bir sıra prioritetləri pozur. Görürsünüz, lazım gələndə Qüdslə bağlı məsələdə Amerikaya qarşı da münasibətimizi ortaya qoyuruq. İslam Əməkdaşlıq Təşkilatı çəçivəsində mövqeyimizi bildiririk, sözümüzü deyirik. Təbii ki, bu, orada fəaliyyət göstərən bir sıra aparıcı qüvvələri qıcıqlandırır. Şübhə etmirəm ki, bu ikili standartlar elə həmin qıcıqlanmadan yaranır. Görürlər ki, biz onların çəçivəsindən çıxırıq, formata daxil deyilik və bizim bir sıra beynəlxalq problemlərə öz yanaşma tərzimiz var. ABŞ Helsinki Komissiyasında keçirilən dinləmələr, müzkirələr birmənalı şəkildə Azərbaycanın daxili işlərinə müdaxilədir. Mən bunu başqa cür ifadə edə bilmirəm”.

Politoloq, həmçinin bildirdi ki, bütün bunlarla yanaşı, Azərbyacan özünün haqlı mövqeyini ortaya qoymaqdan heç vaxt çəkinmir. Çünki bunun üçün bizim söz, vicdan haqqımız çatır: “İllərdir ki, ölkəmizə qarşı ikili münasibətlərin şahidi oluruq. Amma bütün bunlara baxmayaraq Azərbaycan heç vaxt öz yolundan dönməyib. Biz yaxşı bilirik ki, doğru tərəfik. Əslində bu həqiqəti hər kəs yaxşı bilir. Azərbaycan yenicə müstəqillik qazandığı illərdə biz bu qədər dünya birliyinə inteqrasiya etməmişdik. Bir zamanlar bizim deputatların, siyasət adamlarının hər hansı nüfuzlu Qərb təşkilatında çıxışı belə o vaxt üçün bizə real görünmürdü. Amma bu gün Azərbaycanın tarixini, həqiqətlərini üzə çıxarmaq, baş vermiş hadisələri faktlarla dünya birliyinə çatdırmaq üçün geniş imkanlarımız var. Şübhə etmirəm ki, biz hər an ölkəmizə və ya bizi təmsil edən həmvətənlərimizə qarşı qərəzli münasibətin şahidi ola bilərik. Bu, bizi qətiyyən ruhdan salmır. Əksinə biz daha da güclənir, daha da ümidləndirik. Deməli, bu gün Azərbaycanın gördüyü işləri dünyanın gözü qarşısındadır və onlar belə bir dövlətin inkişafından və edə biləcəklərindən həqiqətən xəbərdardırlar”.

Şəfiqə Dadaşova,
Mənsumə Babayeva, “İki sahil”