21 may 2018 22:19
957

Səfir: Azərbaycan və Meksika ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir

"Azərbaycan və Meksika ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfir qeyd edib ki, 1992-ci ildə yaradılmış diplomatik münasibətlər bu gün müsbət inkişaf tendensiyasına malikdir. Belə ki, 2007-ci ildə Azərbaycanın Meksikadakı səfirliyi açılıb, 2014-cü ildə isə Meksikanın diplomatik missiyası Bakıda fəaliyyətə başlayıb.

"Diplomatik missiyaların işi sayəsində çox şeyə nail olmuşuq. Belə ki, 2008-ci ildə ilk dəfə yüksək səviyyəli siyasi məsləhətləşmələr keçirmişik. 2011-ci ildə isə Meksikadan olan parlamentarilər və senatorlar Azərbaycana səfər edib və bunun ardından Meksika Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib", - o qeyd edib.

Diplomatın sözlərinə görə, ölkələr arasındakı ticarət əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: "Belə ki, 2017-ci ildə ilk dəfə ticarət missiyalarının mübadiləsi olub. Bu ilin iyun ayında Meksikadan olan nümayəndə heyəti ilk dəfə Bakıda "Neft və Qaz" sərgisində iştirak edəcək. İyulun və oktyabr aylarında isə Meksikadan Azərbaycana növbəti ticarət missiyasının səfəri gözlənilir".

Bundan əlavə, səfir bildirib ki, 2017-ci ildə ölkələrimiz arasında elm və təhsil, mədəniyyət, gənclər və idman sahəsində sənədlər imzalanıb.