Milli Qurtuluş Günü: gəncliyin inkişafında yeni mərhələ

14 iyun 2018 23:37
1763

Dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə hakimiyyət böhranının, xaos və hərc-mərcliyin, vətəndaş müharibəsi təhlükəsinin  pik həddə çatdığı dövrdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə  qayıdışı Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Bu tarix həm də bütün sahələrdə, siyasi, iqtisadi, mədəni sahələrdə yenidənqurma və inkişaf dövrünün əsasını qoydu. Qısa zamanda ölkə əhəmiyyətli islahatlar aparıldı. Ulu öndər Heydər Əliyevin apardığı ən mühüm islahatlardan biri də dövlət gənclər siyasətinin bünövrəsinin qoyulması, formalaşdırılması, vətənpərvərlik və  azərbaycançılıq ideologiyasının təbliği və bu sahədə bir çox strateji əhəmiyyətə malik proqramların həyata keçirilməsi oldu. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır.

Söhbət ondan gedir ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərdə gənclərin qarşılaşdıqları problemlər özünün ən yüksək səviyyəsinə çatmışdı. Belə ki, 1991-93-ci illərdə Azərbaycanda günü-gündən kəskin hal alan  xaotik vəziyyət  dövlət idarəetmə sistemini  çətinləşdirməklə yanaşı, gənclərin taleyini də sual altına alırdı. Bu dövrdə  gənclərimiz siyasi qrupların diktəsi ilə idarə olunur,  onlara xarici qüvvələrin vasitəsilə təsir göstərilirdi. Elə bu amilin nəticəsi idi ki, onların əksəriyyəti  təhsilə yox, ayrı-ayrı adamların siyasi maraqları naminə silahlı birləşmələrdə iştirak etməyə üstünlük verir, ölkədə baş verəcək vətəndaş müharibəsinin fəal tərəfinə çevrilirdilər. Digərləri isə nicatı xarici ölkələrdə axtarır, gələcəklərini  respublikadan kənarda keçirməyə can atırdılar.

Lakin  ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gəlişi ilə gənclərimizin həyatında olduqca böyük dəyişikliklər baş verdi.  Yalnız bundan sonra  Azərbaycanın gənclərindən müasir gənclik yetişdirilməyə başlanıldı. Elə bu istiqamətdə gənclərə verilən böyük önəmin bir nümunəsi də 1995-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin yaradılması oldu. Eyni zamanda, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi və bu günün MDB və Şərqi Avropada ilk dəfə ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, onları əhatə edən sosial problemlərin həllinə xüsusi yanaşma  həyata keçirilən dövlət gənclər siyasətinin  ardıcıl və davamlı olduğunun bariz nümunəsidir.

Bu barədə danışarkən onu da qeyd etmək lazımdır ki, gənclərin inkişafı daim ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas tərkib hissələrindən biri olub. Bu məqsədlə Ulu Öndər hələ 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmasına, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına, müasir ixtisaslara yiyələnməsinə nail olmuşdu. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Bu barədə Azərbaycan Gənclərinin l Forumunda söhbət açan dahi şəxsiyyət Heydər  Əliyev bütün bunların hamısının o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşıdığını bildirmişdi: “Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Bu gün gənclərin təhsil, idman, mədəniyyət və digər sahələrdə müvafiq uğurlar qazanmaları istiqamətində atılan addımlar, onların ölkə xaricində Azərbaycanı layiqincə təmsil etmələri üçün yaradılan hər cür şərait gənc nəslin dövrün müasir tələblərinə uyğun yetişmələrinə, zamanın bütün sınaqlarından keçmələrinə imkan yaradır. Ölkə gənclərinin də müasir dünyanın çağırışlarına hazır olmalarını göstərən reallıqlar on illikləri əhatə edən tarixə malik dövlət gənclər siyasətinin uğurla aparıldığına işarə edir. Bununla da  ölkə gəncləri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş  və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xəttini  dəstəkləyir, bu siyasətin gələcək nəsillərə də ötürülməsi üçün üzərlərinə düşən vəzifələri icra edirlər.

Postneft dövrünün artıq başladığını deyən ölkə başçısı qeyri-neft sektorunun daha da inkişaf etdirilməsində bilikli, bacarıqlı, intellektual Azərbaycan gəncliyinə ehtiyac olduğunu dönə-dönə vurğulayır. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin sağlam təməllər üzərində qurulduğuna bir daha əminlik yaradır.

Ceyhun Piriyev, “İki sahil”