16 iyun 2018 15:05
2000

Vyanada Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

İyunun 15-də Azərbaycanın Vyanadakı səfirliyində Milli Qurtuluş Gününə həsr olunmuş “Yurdum, yuvam, məskənimsən Azərbaycanım” adlı tədbir keçirilib. Səfirliyin dəstəyi və Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları və bu ölkədə təhsil alan azərbaycanlı və digər əcnəbi tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Akademik Birliyinin sədri Xəlil İsmayılov tədbir iştirakçılarına bu il 25-ci ildönümü qeyd olunan Milli Qurtuluş Günü barədə məlumat verib, həmin hədisələrin Azərbaycan tarixində oynadığı roldan bəhs edib. Qeyd edilib ki, Vyanada təhsil alan azərbaycanlı tələbələr Milli Qurtuluş Günü münasibətilə xüsusi bədii proqram tərtib ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında 20-ci əsrdə Azərbaycanda baş verən siyasi proseslərə ümumi nəzər salıb. Qeyd edilib ki, həm Sovet İttifaqı dövründə, həm də müstəqillik əldə etdikdən sonra Azərbaycanın müqəddəratında önəmli dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olub. Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etdiyi vaxtda ölkə qonşu Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş, daxildəki separatçı qüvvələr baş qaldırmış, ölkədə hərc-mərclik yaranmışdı. Məhz 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev ölkəni qarşılaşmış olduğu acınacaqlı aqibətdən xilas etməyə nail oldu. Onun siyasi iradəsi, uzaqgörünliyi, yorulmaz zəhməti və apardığı islahatlar ölkəni üzləşdiyi bəlalardan xilas etdi, dövlət müstəqilliyini qoruyub saxlamağa imkan verdi və ölkədə sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğurlar qazanılır.

Sonra Avstriyada təhsil alan azərbaycanlı tələbələr bədii proqramla çıxış ediblər. Azərbaycanlı tələbələr Turanxanım Hümbətova və Rəşidə Əsgərlinin ifasında Azərbaycan mahnı və rəqsləri ifa olunub, Rəşidə Əsgərli müəllifi olduğu bədii əsərlərdən parçalar oxuyub, tələbələr üçün viktorina təşkil olunub. Həmçinin Azərbaycan dilində əsas söz ehtiyatını təşkil edən ifadələri əcnəbi tələbələr böyük maraqla öyrəniblər.

Tədbirdə Azərbaycana həsr olunmuş müxtəlif videoçarxlar nümayiş olunub.