23 yanvar 2018 18:54
817

Sumqayıtda 20 ədəd top mərmisi aşkarlanıb

Yanvarın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində bir mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən beton zavodunun ərazisinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat -axtarış tədbirləri nəticəsində 125 millimetrlik 20 top mərmisi (BK-14M) aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat yanvarın 23-də davam etdirilib. Həmin mərmilər götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən 23-dək 30 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 8540 kvadratmetr ərazi yoxlanılıb.