13 iyul 2018 19:59
1341

İranın boşluğunu Səudiyyə Ərəbistanı doldurur

İyunda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdən İranın xam neft istehsalı azalıb, Səudiyyə Ərəbistanında isə hasilat artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay İranın neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 22 min 700 barrel azalıb. Bununla da may ayında sutkalıq neft istehsalı 3 milyon 822 min barrel olan İranın gündəlik hasilatı iyunda 3 milyon 799 min barrelə geriləyib.

Keçən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin neft hasilatı 405 min 400 barrel artaraq gündəlik 10 milyon 420 min barrelə yüksəlib. Səudiyyə Ərəbistanından sonra neft istehsalının ən çox artıran ikinci ölkə İraq olub və iyunda sutkada 4,5 milyon barrel neft hasil edib.

OPEC-in xam neft istehsalı isə iyunda may ayı ilə müqayisədə gündəlik 173 min barrel artaraq 32 milyon 330 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 33 faiz təşkil edib.

Qeyd edək ki, ABŞ İranın neftin ixracına sanksiyalar tətbiq edəcəyini açıqlayıb, Səudiyyə Ərəbistanı isə neft bazarında boşluğu doldurmaq üçün istehsalını artıracağını bildirib.