19 iyul 2018 17:41
961

İyunda OPEC+ sazişinə 121 faiz əməl olunub

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC ) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə iyun ayında 121 faiz əməl edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in Birgə Monitorinq Komitəsi məlumat yayıb. Bildirilir ki, iştirakçı ölkələr tərəfindən 2018-ci ilin iyununda saziş üzrə icra səviyyəsi 121 faizə çatıb.

Komitə iyul ayında bazar şərtlərini, həmçinin bu ay müqaviləyə qatılan ayrı-ayrı ölkələrdə istehsal səviyyələrini də nəzərdən keçirib və sazişə əməletmə səviyyəsinin 100 faizdən çox olmayacağı qənaətindədir.

Qeyd edək ki, may ayında OPEC sazişinin icrası səviyyəsi 152 faiz təşkil edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.