15 oktyabr 2018 17:40
1669

İshaq Cahangiri: İran öz neftinə yeni müştərilər tapıb

İran sanksiyalardan yaxa qurtarmaq üçün ənənəvi alıcılarla aparılan danışıqlar zamanı öz neftinə yeni müştərilər tapıb.

AZƏRTAC “Shana” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

“Bəzi alıcıların ABŞ-ın sanksiyalarından ötəri İrandan neft tədarükünü dayandırmasına baxmayaraq, biz öz neftimiz üçün yeni müştərilər tapmışıq. Bundan əlavə, sanksiyalara baxmayaraq əməkdaşlığa dair həllər üçün digər daimi müştərilərlə də danışıqları davam etdiririk. Amerikalılar İranın neft ixracını sıfıra endirmək istədiklərini iddia etsələr də, bunu edə bilmirlər. Çünki bunu həyata keçirmənin bir neçə yol var. Burada özəl və yerli şirkətlər ön plana çıxdı. Biz neft pullarını müxtəlif yollarla aldıq, ixrac artmağa başlayıb və vətəndaşlar daha çox yerli məhsullara yönəldilirlər”, - deyə İranın birinci vitse-prezidenti bildirib.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək.