16 oktyabr 2018 00:52
1866

Rusiyada yeni qaz ehtiyatı tapılıb

Rusiyanın “Novatek” enerji şirkəti Ob körfəzinin dayaz sularında qaz və qaz kondensat ehtiyatı əldə edib.

“Novatek” şirkətinin “Arctic LNG 3” qolu “Şimali Obskoye” lisenziyasında ilk kəşfiyyat quyusunun qazma işlərinə cari ilin iyul ayında başlayıb. “Amazon” özüqalxan qazma qurğusu vasitəsilə qazılan yeni yatağın ümumi ehtiyatları 320 milyard kubmetrdən artıq qiymətləndirilir.

Bu kəşflə bağlı danışan şirkət rəhbəri Leonid Mikhelson bildirib ki, “Şimali Obskoye” yatağında kifayət qədər böyük karbohidrogen rezervlərinin tapılması Arktika regionunda gələcək mayeləşdirilmiş təbii qaz layihələrinin təməli rolunu oynayacaq.

“Rusiyanın yataqların ehtiyatlarının həcmi təsnifatı prinsipinə əsasən “Şimali Obskoye” yatağı böyüklüyünə görə, “unikal” yataq hesab edilir. Yatağın əlverişli coğrafi mövqeyi, iri resurs bazası və bizim bu sahədə yüksək təcrübəmiz layihənin müvəffəqiyyətlə yerinə yetirilməsində böyük rol oynayacaq”,-deyə şirkət rəhbəri vurğulayıb.