16 oktyabr 2018 18:51
1409

Yastıqobu kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Sabirabadın Yastıqobu kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayonun 74 yaşayış məntəqəsindən 62-si qazlaşdırılıb. Onların sırasına 62 fərdi evi olan Yastıqobu kəndi də əlavə olunub. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 min 620 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov son illər ölkədə qaz təchizatı sisteminin yenidən qurulduğunu diqqətə çatdırıb, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışıb. Dövlətimizin başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını söyləyən icra hakimiyyətinin başçısı bildirib ki, Sabirabad şəhəri də daxil olmaqla, rayonun 62 kənd və 2 məcburi köçkün qəsəbəsi təbii qazla təmin olunub. Qalan 12 yaşayış məntəqəsinin də qazlaşdırılması nəzərdə tutulub. Qeyd olunub ki, hazırda rayonun Rüstəmli kəndi ərazisində Zəngilandan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti-quraşdırma işləri başa çatıb. Tezliklə qəsəbə sakinləri təbii qazdan istifadə edə biləcəklər.

Kənd sakinləri” mavi yanacaq”la təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.