17 aprel 2018 00:06
1218

Azərbaycan dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verir

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu.

1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış Saziş Azərbaycan Respublikasının müstəqillik tarixinin yeni səhifəsini açdı. Bu gün öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən “Cənub Qaz Dəhlizi”nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə   reallaşdırılması, “XXI əsrin layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi  də məhz əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.  Qətiyyətlə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi  müstəqil Azərbaycanın güclənməsinə,  respublkamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr verməkdədir.

Hazırda Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal enerji bazarında ciddi rol oynayan ölkə kimi əhəmiyyətli mövqeyini  getdikcə möhkəmləndirməkdədir. Regionun təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən respublikamızın təşəbbüsü, siyasi iradəsi və əzmi ilə  nəhəng enerji layihələrinin reallaşdırılması ölkəmizin beynəlxalq aləmdə nüfuz və etibarını artırmaqla yanaşı, qlobal təhlükəsizliyə böyük töhfələr verməsini təmin edib.

Hazırda “Cənub Qaz Dəhlizi”nin seqmentlərindən olan TANAP  Azərbaycanın neft strategiyasının uğur qazanmasına yönəldilən mühüm layihə kimi qiymətləndirilir.

Nüfuzlu  “BBC TWO” kanalının “Qitələr üzrə böyük dəmir yolu səyahətləri” proqramının Azərbaycana həsr edilən buraxılışında da xüsusi olaraq vurğulanır ki, Azərbaycan dünya ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verir: “Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan dünya ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verir. Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı dünyanın ən böyük terminallarından biridir. Terminal Azərbaycanın neft və qaz sənayesində böyük əhəmiyyətə malik obyektlərdən biridir”.

Dünyanın aparıcı maliyyə qurumları bu nəhəng layihəyə maliyyə dəstəyini getdikcə gücləndirirlər. Bir müddət bundan əvvəl TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə  146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlasdırılmış kredit üzrə zəmanətin verilməsinə qərar verilib. 

TANAP-ın uğurla yekunlaşması ilə Avropaya yeni qaz dəhizi açılacaq. Bu “köhnə qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasına, enerji mənbələrinin şaxələndirilməsinə böyük töhfələr verməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirəcək, ölkəmizə böyük siyasi və iqtisadi qazanclar gətirəcək, respublikamızın tərəqqisini daha da sürətləndirəcəkdir.

Zahid Rza, “İki sahil”