04 aprel 2018 15:27
1020

Bu il 166 çoxmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi cari ildə 166 çoxmərtəbəli binaya təbii qaz verib.

Birlikdən bildirilib ki, “Azəriqaz” çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 166 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 7 min 929 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.