18 yanvar 2018 18:42
1148

SOCAR-AQŞ “Bulla”da yeni quyu qazır

SOCAR-AQŞ “Bulla” yatağında yeni quyu qazır.

Müəssisədən bildirilib ki, SOCAR-AQŞ yataqdakı 6 saylı stasionar dəniz özülündən layihə dərinliyi 6 min 200 metr olan 113 saylı quyuda qazma işlərinə başlayıb. Quyunun məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR-AQŞ digər quyularda olduğu kimi bu quyunu da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi planlaşdırır.

Müəssisə hazırda dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağında 20 saylı, “Ümid” yatağında 1 saylı və “Bulla” yatağındakı 6 saylı dərin dəniz stasionar özüllərində (DDSÖ) qazma işləri aparır.

2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.