18 yanvar 2018 16:09
1052

ABŞ-ın neft ehtiyatları azalmaqda davam edir

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 5,12 milyon barrel azalaraq 411,4 milyon barrel olub. Analitiklər ehtiyatların 3,5 milyon barrel azalacağını nəzərdə tuturdu. Beləliklə də, API-nin son 7 həftəlik hesabatına görə, ABŞ-ın neft ehtiyatlarında azalma müşahidə olunur.

ABŞ-dakı benzin ehtiyatları isə ötən həftə 1,78 milyon barrel artıb. Benzin ehtiyatlarının 3,59 milyon barrel artması gözlənilirdi. Beləliklə də, benzin ehtiyatları son 10 həftədə 7-ci dəfə artım göstərib.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.