17 yanvar 2018 14:40
1933

14 müasir texnoloji qurğu inşa ediləcək

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin giriş nitqindən irəli gələn məsul vəzifələr kollektivimizin hər bir üzvünün məsuliyyət hissini daha da artırmış, müəssisəmizin şanlı ənənələrini qorumaq, uğurlarını artırmaq naminə qüvvə və bacarığımızı səfərbər etmişdir.

Bu mənada, istismara 1953-cü ildən başlayan Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) bu gün çox böyük işlər görülür, modern texnologiyalar istehsalata tətbiq edilir. SOCAR-ın  bir çox əmək kollektivləri kimi,  “Azərneftyağ” NEZ-in ona qoşulmasından sonra daha da monolit, sıx qüvvəyə çevrilmiş Heydər Əliyev adına Neft Emalı Zavodunun neft emalçıları neft sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki,  dövlət plan-tapşırıqlarının vaxtında yerinə yetirilməsi məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.  Zavod rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində uğurlar əldə edilmişdir. SOCAR-ın nəhəng emal müəssisəsi sayılan Heydər Əliyev adına NEZ ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr verməkdədir. Zavod kollektivi 2017-ci ili uğurla başa vurmuşdur.

Azərbaycan iqtisadiyyatının prioritet sahəsi sayılan neft sənayesinin sürətli inkişafı emal kompleksinin, o cümlədən Heydər Əliyev adına NEZ-in yenidən qurulması və modernləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Belə ki, yaxın gələcəkdə müəssisədə yenidənqurma, modernizasiya  işləri aparmaqla, irili-xırdalı 14 müasir texnoloji qurğu inşa ediləcəkdir. Qeyd olunan tədbirlərdən biri, keçmiş Azərneftyağ NEZ-in strukturunda olan məhsuldarlığı 250 min ton/il olan bitumun alınması qurğusunun demontajı və Heydər Əliyev adına NEZ-də ölkədaxili tələbata uyğun məhsuldarlığı 400 min ton/il olan Yeni bitumun alınması qurğusunun inşasıdır. 2016-cı ilin sentyabrında təməlqoyma mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi bu qurğunun inşası davam etdirilir və cari ildə istismara verilməsi nəzərdə tutulur. Yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərini “Azfen” şirkəti  həyata keçirir.

  Ötən ilin uğurlu tədbirlərdən biri zavodun ərazisində yeni susoyutma qurğusunun inşa olunmasıdır. İstismara verilmiş müasir susoyutma qurğusu (Qradirni) da zavodun yenidən qurulması istiqamətində uğurlu işlərdən sayılır.    

 Susoyutma qurğusunun baza layihəsini Heydər Əliyev adına NEZ ilə Fransanın  “HAMON THERMAL EUROPE” firması və  mövcud istismarda olan texnoloji  qurğulara  verilən  təmizlənmiş və soyuq  su  üçün əlaqələndirici  boru xətlərin  çəkilməsini  isə “Neftqazelmitədqiqatlayihə”  institutu hazırlamışdır.

Susoyutma qurğusunun tikintisinə SOCAR-ın “Neftqaztikinti” Tresti  tərəfindən 2015-ci ilin fevral ayında başlanılmış və 2017-ci ilin aprel ayında başa çatdırılmışdır. Qurğu ümummilli lider Heydər Əliyevin doğum günündə istismara buraxılmışdır.

Qradirni qurğusunun soyudulmuş suya görə məhsuldarlığı 7000m3/saatdır. Zavodda modernizasiya və yenidənqurma ilə əlaqədar olaraq bu layihəyə baxılmış, Qradirniyə əlavə blok quraşdırmaqla, gələcəkdə tikiləcək yeni qurğuların qoşulması nəzərə alınmışdır.

Qradirninin işə salınmasına qədər zavodun 9№-li sahənin dövri su təchizatı üzrə xidməti sahə və bioloji təmizləmə qurğusu zavodun texnoloji qurğu və sahələrini dövri su və bioloji təmizlənmiş dövri su ilə təmin edirdi. 2016-cı ildə zavodun texnoloji qurğu və sahələrinə  5550000 m3 dövri su, Bioloji təmizləmə qurğusunun (BTQ) nasosxanasından 7591000 m3 bioloji təmizlənmiş dövri su verilmişdir. Dövri suyun temperaturu yay aylarında 450 C qədər yüksəlirdi. Bu da qurğularda texnoloji proseslərin aparılmasını çətinləşdirirdi. Bioloji təmizlənmiş dövri su 25-260 C dərəcə intervalında dəyişir və həcmi isə ancaq 5№-li istehsalatın tələbatını ödəyə bilirdi. BTQ-dən verilən su qurğularından sonra “Ekol MX” QSC-nin mexaniki təmizləmə sahəsinə gəlib orada təmizlənirdi. Həmin su zavodun sənaye çirkab suyu ilə qarışırdı və bu da suyun təmizlənməsini çətinləşdirirdi.

Yeni susoyutma qurğusunun  işə salınmasından sonra “Ekol MX” QSC-yə daxil olan su dörd dəfəyədək azaldılmışdır. BTQ-yə də daxil olan suyun miqdarı azaldığından bioloji prosesin keyfiyyəti də artmışdır. Qradirni zavodun texnoloji qurğu və sahələrini soyudulmuş  su ilə qapalı sistemdə təmin edir. Bu da həm su itkisinin, həm də suyun çirklənməsinin qarşısını alır.

Bu qurğu eyni zamanda zavodda həyata keçirilməsi planlaşdırılan 21 nömrəli ED-AV-6 qurğusunun ildə 7,5 milyon, 55 nömrəli katalitik krekinq qurğusunun 2,5 milyon ton məhsuldarlığa rekonstruksiyasi və tikiləcək yeni qurğular nəzərə alınaraq inşa edilib. Yeni qurğu qapalı sistemdir. Onun istismara verilməsindən sonra bioloji təmizləmə qurğularından zavoda verilən və dövretdirilən suyun 10 dəfədən çox azalması nəticəsində bioloji təmizləmə qurğularının izafi yüklənməsinin qarşısı alınacaq ki, bu da ekoloji mühitin yaxşılaşmasına mühüm töhfə verəcək.   

Ötən il iyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişlər. Susoyutma qurğusuna gələn SOCAR prezidenti yeni qurğunun istismara verilməsi münasibətilə zavodun kollektivini təbrik etmişdir. Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər qurğuya baxış keçirmiş və Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov onlara qurğunun iş rejimi haqqında məlumat vermişdir.

Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər illik məhsuldarlığı 779840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusu və 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusunda müasir avtomatik idarəetmə sisteminin işi ilə tanış olmuşlar.     

 Zavodda aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən razılığını bildirən SOCAR prezidenti Rövnəq Abdullayev yeni istehsalat obyektlərinin istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirmiş, qurğuların zavodun fəaliyyətində, emalçıların iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

2017-ci ildə ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına dair verdiyi dəyərli tövsiyələri fəaliyyətlərində rəhbər tutan neftayıranlar üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Zavodda emal qurğularının gücündən səmərəli istifadə olunması və müasir texnologiyanın, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin tətbiqi üçün tədbirlərin həyata keçirilməsi də diqqətdən yayınmamışdır. Neftin səmərəli emalı üçün emal qurğularının  avadanlıqlarının yeniləşdirilməsi, texnoloji proseslərin avtomatik idarə olunması prosesi mütəmadi olaraq davam etdirilir.

Son vaxtlar yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin adını daşıyan NEZ-də texnoloji qurğuların səmərəli dərəcədə əsaslı təmiri, mütərəqqi texnologiyanın tətbiqi, yenidənqurma işlərinin görülməsi, infrastrukturların genişləndirilməsi və həyata keçirilən digər böyük  tədbirlər onun inkişafını təmin etmişdir. Keçən ilin avqust ayının 10-dan Heydər Əliyev adına NEZ-in əsas texnoloji qurğularında aparılan irimiqyaslı təmir işləri müvəffəqiyyətlə başa çatmışdır. SOCAR və zavod rəhbərliyinin, baş mütəxəssislərin, mühəndis - texniki işçilərin, təmirçilərin gərgin əməyi nəticəsində   55№li katalitik krekinq, 21 №-li ilkin emal, 43№li kokslaşdırma, 31№li katalitik riforminq qurğuları əsaslı təmir olunaraq istismara verilmişdir.

Zavodun kollektivi  ötən il  ərzində SOCAR tərəfindən verilən tapşırıqların və həvalə olunan işlərin öhdəsindən layiqincə gəlmiş, istehsal  proqnozlarının yerinə yetirilməsində kadr və texniki potensialdan maksimum istifadə edərək yüksək göstəricilərə nail olmuşdur. Məhz bunun  nəticəsidir ki, 2017-ci ildə SOCAR  tərəfindən neft emalı və  neft məhsullarının istehsalına   dair zavoda qoyulan proqnoz tapşırıqları bir qayda olaraq artıqlaması ilə  yerinə yetirilmişdir. Son illər zavodda texnoloji qurğuların səmərəli dərəcədə əsaslı təmiri, yenidənqurma işlərinin görülməsi, infrastrukturların genişləndirilməsi və həyata keçirilən digər böyük  tədbirlər onun inkişafını təmin etmişdir. Bunu keçən ildə  qazanılan uğur və nailiyyətlər təsdiqləyir.      Azərbaycan Respublikasının təsdiq olunmuş yanacaq-enerji balansına müvafiq SOCAR-ın Baş Ofisi tərəfindən 2017-ci ildə zavoda   6009,2 min ton xam neft və “Qaradağ” QEZ-dən 24 min ton qaz benzinin, cəmi 6033,2 min ton xammalın emalı planlaşdırılmışdı. Faktiki olaraq, həmin hesabat dövründə 5810 min ton neft və 119,6 min ton kənardan daxil olan xammal, cəmi 5929,6 min ton xammal emal edilmişdir.

Ötən ildə zavodun ayrı-ayrı istehsal sahələrində texnoloji intizamın yaxşı səviyyədə olması və yaranmış şəraitə uyğun iş rejiminin seçilməsi nəticəsində işçilərimiz tərəfindən sərf olunan enerji resurslarına qənaət edilmişdir.

2017-ci ildə SOCAR-ın tapşırığına əsasən, “Azərenerji” ASC-ni soba mazutu məhsulu ilə təmin etmək üçün zavodda “mazut rejimi” tətbiq edilmişdir. Bunun nəticəsində neftin faktiki emal dərinliyi 92% təşkil etmişdir. Buna baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə emal dərinliyi 2% artmışdır.

2017-ci ildə neft məhsullarının ümumi çeşidləri üzrə istehsal planı yerinə yetirilmişdir. İlin əvvəlindən 1215,2 min ton avtomobil benzini, 2437,1 min ton reaktiv mühərrik və dizel yanacaqları, 200,6 min ton maye qaz, 226,9 min ton neft koksu, 237,1 min ton neft bitumu, 46,5 min ton DT markalı mühərrik yanacağı, 35 min ton müxtəlif növ sürtkü yağları, kimya sənayesi üçün 168,4 min ton hidrotəmizlənmiş benzin və 60,1 min ton təmizlənmiş quru qaz, “Azərenerji” və başqa təşkilatlar üçün 236,1 min ton soba mazutu və sair neft məhsulları istehsal edilmişdir.

2017-ci il ərzində ümumi neft məhsullarının satışı 5288,4 min ton təşkil etmişdir ki, bunun 4346,5 min tonu respublika daxilində realizə olunmuş, 941,9 min tonu isə ixrac edilmişdir. Belə ki, ümumi satışda ixracın payı 17,8% təşkil etmişdir. Zavodda istehsal olunan mühərrik yanacaqlarının 15,4%-i xarici bazarda satılmışdır.

SOCAR rəhbərliyi istehsalat uğurları ilə bərabər, insan amilini, eyni zamanda ekoloji təhlükəsizliyi də daim diqqətdə saxlayır. Bu istiqamətdə zavodda bir sıra işlər görülür. Ətraf mühitə dəyən mənfi təsiri azaltmaq məqsədi ilə müəssisədə sistematik olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Enerji daşıyıcılarının, xüsusilə sobalarda yandırılan yanacağın sərfinin azaldılması, neft və neft məhsulları saxlanılan çənlərin saz vəziyyətdə istismarının təmin edilməsi və s. belə tədbirlərdəndir.

Qeyd edək ki, ətraf mühitə vurulan mənfi təsirin dərəcəsi zavodun normativ sənədləri ilə tənzimlənir və bu səbəbdən zavodun hazırkı ekoloji göstəriciləri tamamilə normativlərə uyğundur. Müəssisədə ekoloji vəziyyətin yaxşılaşdırılmasında böyük rolu olan abadlaşdırma və yaşıllaşdırma işlərinə dair də tədbirlər həyata keçirilir. Ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması üçün zavoddaxili və zavodətrafı ərazilərdə yaşıllıqların salınması, ağac və kolların əkilməsi, onlara aqrotexniki qulluğun təmin edilməsi gündəlik işə çevrilmişdir.

Əminik ki, zavodda aparılan məqsədyönlü işlər və texniki tədbirlər cari ildə də  ölkəmizin neft sənayesinin daha böyük uğurlara imza atmasına və bütün sahələrin bundan sonra da hərtərəfli inkişafına səbəb olacaq.

Şamil Həşimov,

“Neftayıran” qəzetinin böyük redaktoru