17 yanvar 2018 14:21
1276

Neft-qaz sektorunda uğurlarla zəngin dövr

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox sahələrin inkişafı perspektivlərinə toxunan ölkəmizin başçısı ötən il energetika sahəsində əldə olunan uğurlardan, reallaşdırılan regional layihələrdən də geniş söhbət açıb.

2017-ci ildə energetika sahəsində tarixi hadisələrin baş verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev onlardan birinin “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontrakt müddətinin 2050-ci ilə qədər uzadılması olduğunu bildirib. Təbii ki, bu kontraktın müddətinin uzadılması bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsinin sabit qalmasının təminedicisidir. Bu, eyni zamanda imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada söhbət on milyardlarla dollardan gedir ki, bu da inkişafımızı daha da sürətləndirəcək: “Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq”.

“Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividentlər də gətirir. Təbii ki, bunlardan ən önəmlisi SOCAR-ın payının 11 faizdən 25 faizə artırılmasıdır. Paralel olaraq mənfəət neftinin 75 faizi də Azərbaycan tərəfinə qalacaq. Cənab Prezidentin də vurğuladığı kimi, bu gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir: “Azərbaycan Dövlət Neft Şirkəti layihənin operatoru kimi bu işdə digər tərəfdaşlarla birlikdə iştirak edəcək. Kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm, “Azəri-Çıraq-Günəşli”nin əsas əhəmiyyəti bundan ibarətdir”.

Azərbaycanın energetika sahəsində əldə etdiyi ən önəmli uğurlardan biri də Avropanın “mavi yanacağ”a olan tələbatında ciddi paya sahib olacaq “Cənub Qaz Dəhlizi”nin icrasının uğurla təmin edilməsidir. Ötən ilin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısının Bakıda keçirildiyini vurğulayan Prezident İlham Əliyev bütün lazımi məsələlərin müzakirə olunduğunu və il ərzində layihənin icrasının təmin edildiyini bildirib: “Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir”.

Göründüyü kimi, energetika sahəsində adları çəkilən təkcə bu iki önəmli layihə ölkəmizin bundan sonra da ümumi inkişafını təmin etməklə yanaşı, qeyri-neft sektorunun inkişafına daha da yaxşı zəmin yaradacaq, Azərbaycanın iqtisadi müstəqilliyini artıracaq, insanların rifah halının yüksəldilməsində əsaslı vasitə olacaq.

Taleh Bağırov, “İki sahil”