15 yanvar 2018 19:01
1657

Dəniz neftçilərindən möhtəşəm nəticə

Gələn il 70 illik yubileyi tamam olacaq əfsanəvi Neft Daşları bu gün ölkəmizin neft-qaz sənayesinin inkişafına, iqtisadiyyatımızın tərəqqisinə öz töhfələrini verməkdə davam edir. SOCAR “Azneft” İstehsalat Birliyinin bütün struktur bölmələri kimi, “Neft Daşları” NQÇİ-nin kollektivi də 2017-ci ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. Ötən dövrdə həyata keçirilən texniki-geoloji tədbirlər nəticəsində hasilatın həcmində artım qeydə alınıb.

“Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudovun sözlərinə görə, 2017-cı ilin 12 ayı ərzində neft-qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib. Belə ki, neft hasilatı üzrə 985000 ton plana qarşı, 1019845 ton neft hasil edilərək tapşırıq 103,5 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 19843 ton çox hasilat aparılıb.

Neft təhvili tapşırığına isə 104,7 faiz əməl olunub. 975800 ton plana qarşı, faktiki olaraq 1021333 ton, yəni 45533 ton çox dövlətə neft təhvil verilib. (2016-cı ilin müvafiq dövründə 980126 ton neft təhvil verilib). Keçən illə müqayisədə neft təhvili 41207 ton çox, artım tempi 4,2 faiz təşkil edib. Qaz hasilatı üzrə plan 100 faiz yerinə yetirilib. Bu mənada 60000 min kubmetr qaz hasil edilib.

Q.Mahmudov bildirdi ki, bu il yanvar ayının 1-nə olan məlumata görə, istismar quyu fondu 494-ə bərabərdir. Onlardan 95,7 faizi, yəni 473-ü fəaliyyətdə olan quyu fondunu təşkil edir. Bu quyu fondunun 425-i qazlift üsulu ilə, 55 quyu fontan, 11-i isə dərinlik nasosu üsulu ilə istismar olunur. Fəaliyyətsiz quyu fondu istismar fondunun 3,6 faizinin, yəni 18 quyu təşkil edir. Mənimsəmə quyu fondu 3 quyu təşkil edir. (1691, 2585, 2653 saylı quyular).

NQÇİ üzrə qazmadan 26 quyu plana qarşı, 30 quyu istismara daxil edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 12 quyu çox olub. Qazmadan alınan quyulardan neft hasilatı 49770 ton plana qarşı, faktiki olaraq 60 872 ton olub. (fərq 11102 ton). Keçən ilin müvafiq dövrü ilə müqayisədə hasil edilən neftin həcmi 7552 ton çox olub. Fəaliyyətsiz fonddan istismara planla 10 quyunun daxil edilməsi nəzərdə tutulduğu halda, 15 quyu istismara daxil olunub. Keçən ilin müvafiq dövründə isə bu rəqəm 15 quyu olub. Fəaliyyətsiz fonddan alınan quyulardan 14811 ton neft, keçən ilin (10927 ton) müvafiq dövrü ilə müqayisədə 3884 ton çox təşkil edib.

NQÇİ-nin rəisi qeyd etdi ki, hesabat dövrü ərzində 80 tədbirə qarşı, 84 geoloji tədbir həyata keçirilib (2016-ci ilin 12 ayı ərzində 84 tədbir, 77957 ton neft). Bunun hesabına 73000 ton plana qarşı, 78249 ton (5249 ton çox) neft hasil olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tədbir sayı eyni, hasilat isə 292 ton çox olub.

Bütün bunlarla yanaşı, neft hasilatını sabit saxlamaq məqsədilə 295 tədbirə qarşı, 362 texniki tədbir həyata keçirilib (2016-ci ilin 12 ayı ərzində 396 tədbir, 11016 ton neft). Nəticədə 9500 ton plana, 11093 ton (1593 ton çox) neft hasil olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 tədbir az, hasilat isə 77 ton çox olub.

Rəqəmlərdən də göründüyü kimi, Neft Daşlarında “qara qızıl”ın hasilatı 1 milyon tonu ötüb. Bu onu göstərir ki, qaşıya qoyulan vəzifələr vaxtından əvvəl və tam dəqiqliklə yerinə yetirilir. Ən əsası “Azneft” İstehsalat Birliyinin rəhbərliyinin uğurlu kadr siyasəti “Neft Daşları” NQÇİ-nin bugünkü fəaliyyətində özünü göstərir. İdarəyə böyük istehsalat təcrübəsi, idarəçilik qabiliyyəti olan şəxslərin rəhbərlik etməsi qarşıya qoyulan hədəflərə vaxtından əvvəl nail olmağa imkan verir. Təbii ki, çəkilən zəhmət hər zaman dəyərləndirilir. Bu mənada “Neft Daşları” NQÇİ-nin uğurlu fəaliyyəti SOCAR və ölkə rəhbərliyi tərəfindən daim qiymətləndirilir. Belə ki, ölkə Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə Qoçalı Mahmudova “Əməkdar mühəndis” fəxri adı verilib.

Qeyd edək ki, 1949-cu il noyabrın 7-də “Qara Daşlar”da qazılmış ilk quyu fontan vurub. Bu fontan dünya nefti tarixində dəniz nefti erasının əsasını qoymaqla Azərbaycanın neft ölkəsi, dünya üçün Neft məktəbi olmasını sübut edib. Bundan sonra “Neft Daşları”nda kəşfiyyat-qazma və tikinti işləri genişlənib. 1950-ci ilin dekabrında neftçi Qurbanın və M.Kaveroçkinin qazdığı quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin “Neft Daşları”ndan yola salınması neft rayonunun böyük perspektivlərindən xəbər verirdi. 1951-ci ildən başlayaraq estakada və meydançaların tikilməsi, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, yığım sistemi, istehsal və yaşayış təyinatlı obyektlərin tikintisinə başlanıb.

Adada istehsalatla yanaşı, isçilərin sosial məsələlərinin həlli də daim diqqət mərkəzində saxlanılır. Bu mənada onların rahat işləməsi və yaşaması üçün hər cür şərait yaradılıb. Bu gün dəniz neftçiləri öz fəaliyyətlərini uğurla davam etdirirlər. Qarşıya qoyulan vəzifələr, plan-tapşırıqlar artıqlaması ilə yerinə yetirilir.

Nail Rəhimzadə, “İki sahil”