Bu günlərdə “Ümid” yatağındakı 10 saylı quyu yüksək hasilatla istismara qaytarılmışdır.
2012-ci ildə sutkalıq 750 min kubmetr qaz və 150 ton kondensatla işlənilməyə verilən 10 saylı quyuda son zamanlar hasilatın azalması xüsusi araşdırma aparılmasına zərurət yaratmış, nəticədə həm quyu içində, həm də quyuətrafı zonada bunun səbəbləri təyin edilmişdir. Yatağın işlənilməsini həyata keçirən “SOCAR-ÜMİD” MMC-nin Baş geoloqu İntiqam Bayramovun rəhbərliyi ilə quyunun turşu ilə işlənilməsi layihəsinin icrasına başlanılmışdır. Layihə uğurla başa çatdırılmış, quyu gündəlik 600 min kubmetr qaz və 110 ton kondensat hasilatı ilə istismara verilmişdir.
Hazırda, yataqdakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 milyon kubmetr qaz və 250 ton kondensat hasil edilir. İndiyədək “Ümid” yatağından 1 milyard 517 milyon kubmetr qaz və 237 min ton kondensat hasil edilib. Yatağın işlənilməsi uğurla davam etdirilir.