20 sentyabr 2017 14:39
3310

Neft Kəmərləri İdarəsində Neftçilər Günü qeyd edilib

Dünən SOCAR-ın Neft Kəmərləri İdarəsində 20 sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib. Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov kollektivi bayram münasibətilə təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Vasif Əmirov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edib. Bildirib ki, daim dünyanın diqqət mərkəzində olan Azərbaycan 1994-cü ildən özünə olan marağı daha da artırıb: “Ümummilli lider Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verir, neft sənayesinin inkişafını daim diqqətdə saxlayırdı. “Neft Azərbaycanın ən böyük sərvətidir. Yalnız indiki deyil, gələcək nəsillərə mənsubdur” söyləyən ulu öndər Heydər Əliyev bu sərvətdən səmərəli istifadənin vacibliyini, Azərbaycan xalqının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını qarşıya əsas məqsəd kimi qoyurdu. 1994-cü il sentyabrın 20-də dünyanın 11 transmilli neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənilməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş imzalandı.  Müqavilə təkcə dünya bazarının əlavə yüksək keyfiyyətli neft ilə təminatına deyil, eyni zamanda ölkəmizin və bütövlükdə regionun makroiqtisadi dirçəlişinə təkan verdi. Sazişin imzalanmasından ötən dövrdə Azərbaycanın neft sektoruna milyardlarla dollar sərmayə qoyulub, neft-qaz hasilatında rekord nəticələr əldə edilib. “Əsrin müqaviləsi” digər yataqlar və strukturlar üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açıb.”

Neft Kəmərləri İdarəsinin rəisi vurğulayıb ki, ölkəmiz enerji təhlükəsizliyi sahəsində Avropanın əsas tərəfdaşına çevrilib: “Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin istismarı ilə bu əməkdaşlıq daha da inkişaf edib. Bu gün respublikamız regional çərçivədən kənara çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir. Xəzərin, xüsusilə Azərbaycanın enerji ehtiyatlarının Avropa üçün əsas enerji mənbəyinə çevrilməsi ölkəmizin mövqelərini və dünya dövlətləri ilə əməkdaşlığını daha da möhkəmləndirir.”

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz ildən-ilə böyük uğurlar qazanır. Neft-qaz sektorunda əldə olunan nailiyyətlər, yeni yataqların kəşf edilməsi Azərbaycanın iqtisadi qüdrətini, nüfuzunu, dünya birliyində mövqeyini möhkəmləndirir.

O da vurğulanıb ki, SOCAR bu gün istər ölkə daxilində, istərsə də  xaricdə mühüm investisiya layihələri həyata keçirir. Bununla yanaşı, neftdən gələn gəlirlər qeyri-neft sektoruna yönəldilir, insanların rifah halı daha da yaxşılaşdırılır. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin prioritetləri sırasındadır. 

Qeyd edək ki, sonda İlham Abbasov, Elçin Həsənov, İbrahim İbrahimov, Ağabəy Hüseynov, Elçin Rəhmanov və Rauf Abdullayev Neft Kəmərləri İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.

Zamin Məmmədov, “İki sahil”