18 sentyabr 2017 20:26
1173

“Azəriqaz”da “Neftçilər günü” peşə bayramı qeyd olunub

“Azəriqaz” İstehsalat Birliyində “Neftçilər günü” peşə bayramı təntənəli şəkildə qeyd olunub.

Birlikdən bildirilib ki, “Azəriqaz”ın baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov birliyin baş direktoru Əkbər Hacıyevin adından bütün kollektivi bu əlamətdar gün münasibətilə təbrik edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 16-da imzaladığı Fərmanla 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.

Vurğulanıb ki, Azərbaycanın adı dünya neft sənayesi tarixində, beynəlxalq ictimai dairələrdə 1994-cü ildə nüfuzlu xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra daha geniş əks-səda doğurub. Azərbaycanın müasir yüksəliş dövrü də elə həmin vaxt - xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının uğurları ilə başlanıb.

Ş.Nemətov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin gerçəkləşməsinin, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsinin xalqımızın dünya arenasında layiqli yerini təmin etdiyini vurğulayıb.

Qeyd olunub ki, qaz təsərrüfatı işçiləri qarşıda duran vəzifələrin həyata keçirilməsi və neft strategiyasının yeni-yeni uğurlar qazanması üçün var qüvvələri ilə çalışacaqlar.

Birliyin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovda bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində digər sahələrlə yanaşı qaz təsərrüfatının inkişafının da yeni dövrü başlayıb. Qaz təsərrüfatı işçiləri daim böyük əzmkarlıq göstərmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün hər zaman var qüvvələri ilə çalışmışlar. Bu gün bilik və bacarığa, zəngin təcrübəyə malik qaz təsərrüfatı işçiləri qazanılan nailiyyətlərin davamlı olması üçün səylərini əsirgəmir, ilbəil yeni uğurlara imza atırlar.

T.Cəfərov qeyd edib ki, “Azəriqaz” İB də öz növbəsində qaz strategiyasının gerçəkləşməsinə öz töhfəsini verməkdədir. Belə ki, Dövlət proqramları çərçivəsində mühüm işlər görən “Azəriqaz” İB əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmir edilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

Sonda əmək fəaliyyətində fərqlənən 73 nəfərə SOCAR-ın Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilib.