14 noyabr 2017 20:39
797

Goranboyun Sarov kəndinə ilk dəfə təbii qaz verilib

Goranboy rayonunun Sarov kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər bu ildə də davam etdirilməkdədir. Bu məqsədlə noyabrın 14-də Goranboy rayonunun Sarov kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

193 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 17 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 15 min 572 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun Yəhərçi Qazaxlar, Yolpaq və Goranlı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.