15 noyabr 2017 18:57
676

"Citibank": OPEC qəti qərar verməsə, neftin qiyməti kəskin düşəcək

Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEC neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddəti kifayət qədər uzadılmasa, neft qiymətlərində kəskin azalma baş verəcək. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının Qlobal xammal bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) Hyuston şəhərində keçirilən iqtisadçı energetiklərin konfransında bildirib.

Mors qeyd edib ki, investorlar noyabrın 30-da Vyanada keçiriləcək sammitdə 2018-ci il mart ayının sonunda bitən OPEC anlaşmasının uzun müddətə uzadılmasını gözləyirlər: "Səudiyyə Ərəbistanı və Rusiya arasında tarixi yaxınlaşma sayəsində hasilatın azaldılmasına nail olunub və bunun davam etdirilməsi tələb olunur. OPEC tərəfindən Vyana sammitində qəti addımlar atılmasa, neft fyuçerslərində uzun mövqelərinin kütləvi şəkildə bağlanmasının şahidi ola bilərik".

"Citibank" rəsmisi sammitdə anlaşmanın bir neçə ay uzadılması və ya qərarın 2018-ci ilə qədər ertələnməsi durumunda da kütləvi satışın baş verəcəyini bildirib.

Qeyd edək ki, hazırda anlaşmanın 2018-ci ilin sonuna qədər uzadılmasına Rusiya, Səudiyyə Ərəbistanı, İraq və Oman artıq dəstək verib.