Bu ilin yanvar-oktyabr ayları ərzində "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə 5 973,7 mln. kubmetr qaz ötürülüb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu isə ötən ilin müvafiq dövründən 3,4% çoxdur.
Hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə ümumilikdə 17 961,2 mln. kubmetr qaz nəql edilib. Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3% artım müşahidə olunub.
Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.