05 aprel 2018 14:44
1282

Azərbaycanda ucqar dağ kəndlərində qazlaşdırma işlərinə başlanılıb

Ucqar dağ kəndlərində qazlaşdırma işlərinə başlanılıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işləri aparılır. 

Məlumata görə, layihəyə uyğun olaraq, kənddə yerləşən 635 evin qazlaşdırılması üçün 19 412 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 19 903 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda mətbəxdə yerləşən qaz cihazına qədər 16 385 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub. Bu ilin yanvar ayının əvvəlindən işlərə başlanılsa da dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı,qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq, artıq 400 fərdi evin daxili qaz xətləri çəkilib, daşıyıcı polad və polietilen qaz xətlərinin 13 400 metr hissəsi quraşdırılıb və küçə xətlərinin çəkilişi yekunlaşdırılıb. İşlərin bu ilin may ayında başa çatdırılması planlaşdırılır.

Ötən il dekabrın 20-də Şamaxı rayonunun Dəmirçi kəndinə də ilk dəfə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. 97 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 704 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 8 370 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.