20 Yanvar faciəsi bəşər tarixində qara səhifə olaraq qalacaq

20 yanvar 2018 19:36
1214

Qanlı Yanvar faciəsinin 28-ci ildönümü Abşeron rayonunda da qeyd edilib.

Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında təşkil edilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Anım mərasimində bildirilib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Daha sonra rayon mədəniyyət şöbəsinin əməkdaşları tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” abidə kompleksi önünə tər çiçəklər düzüblər. Abşeronlular qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edirlər.