20 yanvar 2018 00:13
1823

O gün Bakı qana boyanmışdı...

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük bacımla birgə qızlar yataqxanasında idim. Mən N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunda, o isə Azərbaycan Dövlət Universitetində təhsil alırdı. Axşama yaxın həyəcanlı xəbərlər gəlirdi. Yataqxanadakı bütün tələbələr gərginlik içərisində idilər. Vətənpərvərlik duyğuları bizə üstün gəlirdi, belə bir gündə meydandakı soydaşlarımızın yanında olmadığımıza görə özümüzü qınayırdıq. Nəhayət, əynimizi qalın geyinib şəhərə çıxdıq. Şaxta qılınc kimi kəssə də adamlar küçələrdə qaynaşırdı. Biz o zamankı XI qızıl ordu meydanına yaxınlaşanda sürəkli atəşlərdən, tankların, PDM-lərin nəriltisindən, insanların dəhşətli səslərindən qulaq tutulurdu... “

Bu kədərli xatirəni  Şabran Rayon Mərkəzi Xəstəxanasında həkim işləyən Natəvan Misirxanova tez-tez yada salır. O, söyləyir ki, bacımla mən meydana tərəf tələsəndə bir nəfər orta yaşlı kişi “ay bacılar, hara gedirsiniz, vəhşilər camaatın qanını axıdırlar, ora sizin yeriniz deyil, tez geri qayıdın!”-dedi.

Natəvan xanım deyir ki, yan-yörəmizdə güllələr uçuşsa da aralıq küçələrlə oradan sağ-salamat uzaqlaşdıq. Ancaq gözümüzün yaşını saxlaya bilmirdik. Hiss edirdik ki, sovet ordusunun cəlladları meydandakıları aman vermədən qırırlar. Ertəsi gün gördük ki, küçələr, meydanlar al-qırmızı qana boyanıb. O günlərdə şair Məmməd Aslanın qələmə aldığı  məşhur “Qərənfil” şeirindən bir bənd indi də yadımdadır.

Qərənfil şəhid qanı,

Qan götürdü dünyanı,

Ağla, inlət meydanı,

Ağla, qərənfil ağla.

O məşum gündən iyirmi səkkiz il keçsə də yaralarımız hələ  qövr eləyir. O yaralar heç vaxt sağalan deyil. Ancaq təsəllimiz odur ki, axan qanlar hədər getmədi. Xalqımız çox keçmədən öz azadlığını əldə etdi, imperiya əsarətindən birdəfəlik xilas oldu. Şəhidlərimizin müqəddəs qanı bizi azadlığa çıxardı!

Vəli İlyasov, “İki sahil”