19 yanvar 2018 22:38
3367

20 Yanvar faciəsi ilə bağlı məqalə

Pakistanın “National Herald Tribune” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə verilib

Pakistanın “National Herald Tribune” qəzetində “20 Yanvar – Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verilir. Azərbaycan xalqına “dərs vermək” məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik, əsasən ermənilərdən ibarət olan sovet qoşununun Bakıya yeridildyi, dinc əhalini atəşə tutduğu, tanklarla qarşısına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, Bakıda yaşayan digər millətlərin nümayəndələrinin də olduğu 130-dan çox insanın şəhidlik zirvəsinə yüksəldiyi, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.

Qeyd olunur ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək faciənin baş verməsində Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyini açıq şəkildə ittiham edib və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Məqalədə 1990-cı il yanvarın 22-də bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük matəm elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirdiyi bildirilir. Həmçinin hadisəyə beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatları vurğulanır. Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş və qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.

Sonda bildirilir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələri dövlət himayəsinə götürülüb, xalq öz qəhrəman oğul və qızlarını unutmayıb və hər il yüz minlərlə insan Şəhidlər Xiyabanına gedərək onların ruhuna ehtiramını bildirir.