18 may 2018 22:59
1418

Azərbaycan təkcə tranzit ölkə deyil

Respublikamız həm də öz ərazisindən keçən əmtəələr üzərində əlavə dəyər yaratmaq potensialına malikdir

İqtisadiyyatın şaxələndirilməsindən bəsh olunarkən onun müxtəlif sahələrinin inkişaf etdirilməsinin zəruriliyi ortaya çıxır. Burada ölkənin yerləşdiyi coğrafi mövqedən irəli gələn imkanları, o cümlədən tranzit potensialını xüsusi vurğulamaq olar. Lakin tranzit potensialından yararlanmaq üçün müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun olması əsas şərtdir. 

Azərbaycan ümumi əhali sayı 300 milyon nəfərdən çox olan və ümumi daxili məhsulu 3 trilyon ABŞ dollarına çatan üç iri iqtisadiyyat - İran, Türkiyə və Rusiya arasında yerləşir. Daha geniş diametrdə isə Azərbaycan cəmi ümumi daxili məhsulu 30 trilyon ABŞ dollarına çatan Avropa Birliyi, Çin və Körfəz ölkələri bazarlarının yaratdığı dairənin mərkəzində yerləşir. Məsələn, Azərbaycanla dünyanın ikinci iqtisadiyyatı sayılan Çinin arasında yalnız Qazaxıstan var. Azərbaycanla Körfəz ölkələri arasında təkcə İran, Avropa Birliyi arasında isə yalnız Gürcüstan yerləşir.

Bunların fonunda mövcud tranzit potensialını reallaşdırmağı qarşıya məqsəd qoyan Azərbaycan mövcud yerli nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, regional layihələrin də təşəbbüsçüsü və iştirakçısıdır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradır. Ümumilikdə isə nəqliyyat dəhlizlərində işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən bərə keçidi vasitəsilə Mərkəzi Asiya istiqamətlərində hərəkəti mümkün olacaq. Bu layihələr regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin etməklə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımalarının artırılmasına şərait yaradacaq.

Lakin  Azərbaycan təkcə tranzit ölkəsi deyil, o, həm də öz ərazisindən keçən əmtəələr üzərində əlavə dəyər yaratmaq potensialına malikdir. Bu mənada Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi  təkcə tranzit ərazi olmayacaq. Burada, həmçinin Ələtdə yaradılan Azad İqtisadi Zonada istehsal sahələri qurmaq, malların regional distributorluğunu həyata keçirmək  və məhsulu yaxın bazarlara ixrac etmək üçün əlverişli şərait yaradılması nəzərdə tutulub. Nəticədə Ələt Azad İqtisadi Zonası Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu zona yeni limanın Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün rolunu artırır. Ümumilikdə isə Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır.

Bununla da Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən Prezident İlham Əliyev ölkəmizi  regionun olduqca əhəmiyyətli nəqliyyat layihələrinin təşəbbüsçüsü və iştirakçısı etməklə  ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olub. Bu yolların tam formalaşması ölkədə istehsal və ixraca əlavə stimul verməklə yanaşı,  dövlət büdcəsinə əhəmiyyətli miqdarda tranzit gəlirlərinin daxil olması ilə iqtisadiyyatın qeyri-neft sektoru üzrə  daha  bir gəlir mənbəyinin inkişafına imkan verəcək. Digər tərəfdən, Azərbaycan beynəlxalq siyasətin subyekti kimi nüfuzunu artırmaqla bir növ siyasi zəmanət qazanacaq.

Ceyhun Piriyev, “İki sahil”