17 avqust 2018 22:36
1672

Yol infrastruktur layihələri uğurla icra olunur

Bu gün Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb.

2018-ci ilin 6 ayı ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı  və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə  tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kollektivi tərəfindən 2018-ci ilin  6 ayı ərzində uzunluğu  463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub və bu istiqamətdə işlər bu gün də davam etdirilir.

Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki, bu il rayonda uzunluğu 22 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması başa çatmaq üzrədir. Bu, başlanğıcını Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur. Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın aylarda başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7.5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inişafı və yeni turizm marşrutlarının yaranması da əsas hədəfdir.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam etdirilir və bir çoxunda işlər artıq yekunlaşmaq üzrədir. Belələrindən biri də Lerik rayonunun Piran-Hamarat-Vjaker avtomobil yoludur. 26 km uzunluğu olan Piran-Hamarat-Vjaker avtomobil yolu xüsusən payız-qış mövsümündə ciddi maneələrə səbəb olurdu. Artıq bu problemlər geridə qalıb. AAYDA tərəfindən tikinti norma və qaydalarına uyğun olaraq hazırda yolun asfaltlanması işlərinə start verilib. Tikinti işlərinin sonuncu mərhələsində  layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd km göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq. 20 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq yaxın aylarda vətəndaşların istifadəsinə veriləcək. 9 min nəfər əhalinin yaşadığı 28 məntəqəni birləşdirən yol əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə turizmin və kənd təsərrüfatının inkişafında təkan verəcək.

Avtomobil yollarının tikintisi və yenidən qurulması layihələri Astara rayonunu da əhatə edib. Rayonda bu çərçivədə 11 km olan Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.

Ucar rayonunda isə 35 mindən artıq əhalinin ürəyincə olan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir. Ölkə vətəndaşlarının sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir.  31 km uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez daşınmasının həcmi artıracaq.

Uzunluğu 24.5 km təşkil edən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına töhfə verəcək, həmçinin bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.

Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq AAYDA tərəfindən Kürdəmir rayonunda 34 km uzunluğu olan Pirili-Muradxan-Sor-Sor, Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu, respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Göygöl hissəsinin yenidən qurulması, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi, Şabran rayonunda 26 km uzunluğunda Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun yenidənqurulması və reallaşdırılan onlarla digər layihələr bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının və turizmin inkişafında mühüm rol oynayacaq.

Həyata keçirilən layihələr sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidənqurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

Orxan Vahidoğlu, “İki sahil”