20 avqust 2018 14:50
521

AZPROMO fəaliyyətini genişləndirir

Tezliklə daha beş ölkədə Ticarət evləri açılacaq

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində işlərini davam etdirir.

Artıq bir neçə ölkədə Ticarət evləri yaradan AZPROMO yaxın günlərdə daha beş ölkədə belə evlər yaradacaq. Bununla bağlı AZPROMO-nun İxaracatçılar Klubunun Azərbaycanın xaricdəki Ticarət evləri ilə bağlı keçirdiyi tədbirdə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov məlumat verib. “Made in Azerbaijan” brendini dünayaya tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə yaradılan Ticarət evlərinin fəaliyyətindən danışan nazir müavini bildirib ki, Azərbaycan gələcəkdə xaricdə Ticarət evlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Onun sözlərinə görə, yaxın zamanlarda isə daha beş ölkədə Ticarət evləri açılacaq. Bu ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstandır.

Jurnalistlərə açıqlamasında nazir müavini artıq ticarət nümayəndələrinin gördükləri işlərin real nəticələrinin olduğunu bildirib. O qeyd edib ki, məhz Ticarət evlərinin fəaliyyəti nəticəsində yerli iş adamları yeni bazarlara çıxıb, yeni alıcılar tapıblar. R.Məmmədov Çin Xalq Respublikasından bir sıra böyük şirkətlərin nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərlərini xüsusi qeyd edib. Onun sözlərinə görə, artıq yerli istehsalçılarla görüşlər təşkil edilib və bu görüşlərin nəticəsində ilkin sifarişlər alınaraq müqavilələr bağlanıb.

Təbii ki, yerli brendin Azərbaycanın hüdudlarından kənarda tanıdılması olduqca vacib məsələdir. Bunun sayəsində həm ölkəmiz daha çox tanınır, həm də istehsal artır, yeni iş yerləri yaranır, ölkəyə valyuta axını təmin edilir və sair. Sözsüz ki, bütün bunlar da öz növbəsində vətəndaşların sosial rifah halının daha da yüksəlməsinə hesablanmış addımlardır. Sevindirici haldır ki, qısa müddət ərzində ölkəmizdə bu sahədə xeyli irəliləyiş əldə olunub. Qısa zaman kəsiyinə baxmayaraq “Made in Azerbaijan” brendi artıq dünyanın bir neçə olkəsində şöhrət qazanıb. Hazırda qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-dək çeşiddə məhsulu dünya bazarlarına çıxarılır və ən əsası odur ki, dünya bazarında Azərbaycanın brend mallarına tələbat hər il daha da artır.

Taleh Bağırov, “İki sahil”