20 avqust 2018 14:51
532

Qeyri-neft sektoru artıb

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə, müasir dövrün çağırışlarına uyğun reallaşdırdığı, milli maraqlarımızın ən ali norma prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, dövlətçilik mənafelərinin qorunmasını, onun dinamik inkişafını, sosial-iqtisadi tərəqqisini sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya birliyinə sürətli inteqrasiyasına böyük töhfələr verməkdədir.

 Bu gün Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır. Dayanıqlı iqtisadi artımı təmin edən investisiyalar sayəsində irimiqyaslı layihələr reallaşdırılır, ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işləri, nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi sənaye və kənd təsərrüfatının inkişafına böyük töhfələr verir. Dövlət investisiyalarının artırılması və onun qeyri-neft sektorunun inkişafına yönəldilməsi, neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edilməsi real sektorun ümumi daxili məhsulda çəkisini əhəmiyyətli dərəcədə artırıb. Bütün bunlar ölkəmizdə sosial firavanlığın təminatı sahəsində mühüm tarixi nailiyyətlərin qazanılmasına, əhalinin rifah halının yüksəlməsinə, sosial  cəhətdən həssas qrupların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olur. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirlərinin əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30 milyard 331 milyon manat olması bunun əyani sübutudur.

Prezident İlham Əliyevin müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun olaraq uğurla həyata keçirdiyi islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilib. Bütün bunlar yoxsulluğun azaldılması, iqtisadiyyatın uğurlu şaxələndirilməsi, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən Dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olub.

Regionların sosilal-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, infrastruktur əsaslı şəkildə modernləşdirilib, yeni iş yerləri açılıb, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırıb.

Həyata keçirilən ardıcıl tədbirlər səayəsində özəl sektor inkişaf edir,  sənayeləşmə sürətlə aparılır, eyni zamanda, aqrar sektorun istehsal və ixrac imkanları genişləndirilir. Bütövlükdə makroiqtisadi sabitlik təmin olunub və əhalinin rifah halı davamlı olaraq yaxşılaşır. Davamlı inkişafa keçid konsepsiyası olan Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icra vəziyyəti ilə bağlı illik monitorinq və qiymətləndirmə hesabatına dair nəticələrdən də görünür ki, bu mühüm sənədin icrası ölkəmizdə də davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına töhfələr verəcək.

Ölkəmizin əldə etdiyi uğurların real mənzərəsini görmək üçün 2018-ci ilin bir sıra iqtisadi və maliyyə göstəricilərinə nəzər yetirmək kifayətdir. Belə ki, cari ilin 6 ayında ümumi daxili məhsul 1,3 faiz artıb. Qeyri-neft sektorunun artımı 2 faiz təşkil edib. Ümumilikdə sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi isə 8,8 faiz artıb. Kənd təsərrüfatının inkişafı 7,6 faiz olub. Xarici ticarət dövriyyəsinin artımı 35 faizdir. İxrac 34 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard ABŞ dolları sərmayə yatırılıb. İnflyasiyanın 3 faiz olması fonunda əhalinin pul gəlirləri 9,3 faiz artıb. Respublikamızın valyuta ehtiyatları 2017-ci ildə 42 milyard ABŞ dolları idisə, son 6 ayda 44,3 milyard ABŞ dollarına çatdırlıb. Bütövlükdə isə son 15 ildə isə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub.

Zahid Rza, “İki sahil”