12 oktyabr 2018 21:43
3053

Kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək

Ötən illərdə müxtəlif bölgələrdə təşkil olunan respublika müşavirələrində aqrar sahənin inkişaf istiqamətlərindən ətraflı danışıldı, nöqsanlar təhlil olundu, perspektivlər müəyyənləşdirildi. Lənkəranda, Yevlaxda, Sabirabadda, Qaxda keçirilən respublika müşavirələrində tarixi ənənələri olan, gəlirli sahə kimi ölkəyə gəlir gətirən pambıq, çay, sitrus, tütün, fındıq əkini sahələrinin genişləndirilməsi, baramaçılığın inkişafı, aqrar sahədə tətbiq olunan texnologiyaların müasirləşdirilməsi ilə bağlı əhəmiyyətli müzakirələr aparıldı, fermer təsərrüfatlarının genişləndirilməsi üçün sahibkarlığın möhkəmləndirilməsi əsas baza kimi göstərildi.

Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bildirib ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək: “Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb. Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır...Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik.”

Səməd Vurğunun “Çörək bol olarsa, basılmaz Vətən” misrasında qeyd olunduğu kimi strateji əhəmiyyətli taxılçılıq hər bir ölkənin siyasi, iqtisadi, sosial inkişafının əsas amillərindəndir. İllərdən bəri qarşıda qoyulan əsas vəzifələrdən biri də ölkə əhalisinin taxıla olan tələbatının yerli istehsal hesabına ödənilməsidir. Bu istiqamətdə aparılan köklü dəyişikliklərin nəticəsidir ki, fermerlər taxıl əkini sahələrini genişləndirir, məhsuldarlığın artırılması üçün müasir aqrotexniki qaydaların tətbiqini genişləndirirlər. Taxılçılığa göstərilən diqqət müsbət nəticəsini verir. Taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarında hər hektardan təqribən orta hesabla 50 sentner məhsul götürülür. Bu il sahələrdən 3 milyon ton taxıl tədarük edilib, buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb.

İqtisadi əhəmiyyəti ilə seçilən , eyni zamanda, sosial sahə olan pambıqçılıqda məhsuldarlığın artırılması həmişə diqqətdə saxlanılır.

Əgər 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq yığılmışdırsa, bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Müasir texnologiyaların tətbiqi, məhsuldar sortların əkini ilə daha yüksək məhsuldarlığa nail olmaq mümkündür və bunun üçün lazımi qədər əmək resursları, texnika mövcuddur. Hədəf isə hər hektardan məhsuldarlığı minimum 20 sentnerə çatdırmaqdır.

Nazirlər Kabinetinin iclasında daha çox diqqət çəkən məsələlərdən biri də zeytun sahələrinin genişləndirilməsi oldu. “O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə, çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun” sözləri ilə zeytun bağlarının artırılmasının, zeytun yağı istehsalını ixrac üçün də əhəmiyyətli olduğunu vurğulayan dövlət başçımız bildirdi ki,  keyfiyyəti ilə seçilən Azərbaycan markalı zeytun yağına dünya miqyasında maraq artmaqdadır

İxrac olunan kənd təsərrüfatı məhsulları arasında  tütünçülük də diqqətdə saxlanılan sahələrdəndir. Bu sahədə mövcud olan nöqsanların yolverilməz oduğunu “Elə ölkələr var ki, orada tütün, ümumiyyətlə, bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir” sözləri ilə bildirən cənab İlham Əliyev problemlərin aradan qaldırılması yollarını da göstərdi. Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur ki, bu da əvvəlki illərlə müqayisədə təxminən iki dəfə çoxdur. Hazırda ölkəmizdə  siqaret ishehsal olunan fabriklər fəaliyyət göstərir.

İclasda ixcracyönümlü məhsullar sırasında olan tərəvəzçiliyin, fındıqçılığın inkişafı barədə də ətraflı danışıldı. Bildirildi ki, ötən il fındıqçılıqla bağlı keçirilən müşavirədə deyilənlər müsbət nəticəsini verməkdədir. Yeni bağların salınması hesabına bu rəqəm 70 min hektara çatıb. Hədəf isə fındıq əkini sahələrini 2020-ci ildə 83 min hektara çatdırmaqdır. Fındıqçılığın inkişafı ilə əhali arasında məşğulluğun səviyyəsi də yüksəlir. Hazırda fındıqçılıqda 17 min insan məşğul olur, yaxşı gəlir götürür. Nəticədə ölkəmizə yüz milyonlarla dollar gəlir gətirilir.

Əvvəllər acınacaqlı vəziyyətdə olan baramaçılıqda da vəziyyət qənaətbəxşdir. Yeni tut tinglərinin əkilməsi hesabına inkişaf edən baramaçılıq xam ipəyin istehsalını da artırır. Qaxda barama mərkəzinin yaradılması, Şəki İpək Kombinatının tam gücü ilə işləməsi gözəl nəticə verir və bu il 500 tondan çox barama tədarük edilib. Şəki İpək Kombinatının modernləşdirilməsi isə həm iş yerlərinin artırılması, həm dəixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Xuraman İsmayılqızı, “İki sahil”