16 mart 2018 17:01
999

Cənub Qaz Dəhlizi Azərbaycanın üçün strateji əhəmiyyət daşıyır

“Fitch Ratings”: Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq. Çünki sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir.

Bildirilir ki, OPEC-lə əldə olunan razılaşmaya əsasən 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə “Şahdəniz-2” layihəsinin reallaşması nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa İttifaqı və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa İttifaqı və Türkiyə hökuməti tərəfindən alınıb.

Agentlik mütəxəssisləri qeyd edirlər ki, 2017-ci ildə Cənub Qaz Dəhlizi aşağıdakı beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından 0,6 milyard dollar, Asiya İnkişaf Bankından 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub.

Məlumatda deyilir: “Fitch” “Cənub Qaz Dəhlizi” QSC-nin yüksək təminatsız beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini “BB ” səviyyəsində təsdiq edib. Proqnoza görə, QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün tələb olunan maliyyə vəsaiti 2018-2019-cu illərdə 2,2 milyard dollara yaxın olacaq. Ortamüddətli dövrdə maliyyələşmə ilə bağlı “Cənub Qaz Dəhlizi” Konsorsiumunun inkişaf institutlarından kredit cəlb edəcəyini proqnozlaşdırırıq”.