16 mart 2018 00:24
3186

Yüksək hasilat, qüsursuz fəaliyyət

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalanmışdır. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdir: “1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyası və doktrinasının başlanğıcıdır”.

Prezident İlham Əliyev 2017-ci il sentyabrın 14-də yeni müqavilənin imzalanması mərasimində bunları bir daha vurğulayaraq demişdir: “23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”. 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı.

Biz artıq dünya enerji sistemində baş vermiş böyük dəyişikliklər fonunda, yalnız birgə işləməklə, birgə əməkdaşlıqla, bütün təcrübələrimizin mübadiləsini təmin etməklə,  daha davamlı və əlverişli layihələrə nail ola biləcəyimizə inanırıq. Bir sözlə, ulu öndər Heydər Əliyevin davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurlu enerji siyasəti çoxdan Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Biz öz enerji təhlükəsizliyimizlə bağlı bütün məsələləri uğurla icra etmişik. İndi dövlətimizin bütün səyləri beynəlxalq enerji əməkdaşlığına verəcəyi töhfələrlə ölkəmizin bundan sonrakı uzunmüddətli inkişafını təmin etmək üçün layihələrin icrası ilə bağlıdır.

“Global Energy Azerbaijan” respublikamızda quruda neft hasilatı sahəsində fəal mövqeyi ilə seçilir. Quruda neft hasilatı ilə məşğul olan bir neçə qurumun birləşərək yaratdığı bu şirkət yeni layihələr üzərində iş aparır.

“Global Energy Azerbaijan Ltd” (“GEA”) (“Absheron Operating Company”, “Binagadi Oil Company”, “Karasu Operating Company”, “Neftechala Operating Company” və “Shirvan Operating Company Ltd”) operator şirkəti kimi Azərbaycanda Hasilatın Pay Bölgüsü (PSA) 5 sazişinin tərəfdaşıdır.

Mən bu ilin fevral ayının 13-14 də “Shirvan Operating Company Ltd” şirkətində oldum. Bu şirkət 2017-ci ildə 145 min tondan çox neft hasil edib, “Kürovdağ” yatağında qazma işləri davam edir. Şirkətdə 2017- ci ildə 21 ədəd, 2018-ci il iki ayının nəticələri üzrə 4 ədəd quyu qazılmışdır. 2017-ci ildə 20%, 2018-ci ildə isə 5%-ə yaxın əmək haqqı artımı olmuşdur. Şirkətin filialına işçilərin qəbulu Azərbaycan Respublikası qanunverciliyinə uyğun, namizədlərlə yazılı və şifahi müsabiqələr aparılması yolu ilə həyata keçirilir. 2017- ci ildə 36 nəfər, 2018-ci ilin mart ayına qədər isə 8 nəfər yeni işçi qəbul edilmişdir. “Şhirvan OCL” şirkətində 913 işçi heyəti çalışır. Bundan əlavə olaraq şirkət 6 şəhid ailəsini öz himayəsinə götürmüşdür.

“Shirvan Operating Company Ltd” şirkətində vicdanlı və qüsursuz əməyinə, peşəkarlıq məharətinə, xidməti fəaliyyətində yüksək göstəricilərinə, nümunəvi davranışına, mühüm və mürəkəb tapşırıqları uğurla yerinə yetirdiyinə görə işçilərin mənəvi və maddi mükafatlandırılması üçün “Fəxri fərman və Təşəkkür məktubu haqqında” Əsasnamənin təsdiq edilməsi ilə əmək haqqı fondundan birdəfəlik pul mükafatının ödənilməsi həyata keçirilir. Fəxri fərman və Təşəkür məktubu ilə mükafatlandırma işçinin əmək kitabçasına daxil edilir.

İşçilərin mükafatlandırılması barədə 2017- ci ilin nəticələrinə görə, “Shirvan Operating Company Ltd” şirkətində əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, əmək və icra intizamının səviyyəsinin yüksəldilməsində, istehsalın səmərəliyinin  və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağının gücləndirilməsi istiqamətində hər bir işçiyə tarif (vəzifə) maaşının 1 (bir) misli həcmində mükafat ödənilib. Şirkət müntəzəm olaraq usta və fəhlələrə təlim kursları təşkil edir. 2015- ci ildə 108, 2016-cı ildə 105, 2017-ci ildə isə 77 işçiyə təlim keçirilmiş, təlimlərə uyğun olaraq xüsusi vəsiqələr təqdim olunmuşdur.

Şirkətin Azərbaycan Respublikasındakı Filialının xüsusiyyətlərini və konkret şəraiti nəzərə almaqla İşəgötürənlə Həmkarlar İttifaqı Komitəsi arasında Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq Kollektiv müqavilə  bağlanmışdır.

 Həmkarlar İttifaqı Komitəsinin ictimai əsaslarla sədri Taleh Məmmədov ilə görüş zamanı işçilərin  maddi rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardan söz açaraq, fəaliyyət göstərdiyi dövrdə müntəzəm olaraq neftçilərlə görüşlər təşkil etdiyini, onların hüquqlarının qorunması istiqamətində atılan addımlar haqqında müzakirələr apardığını, mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkil olunmasını, maddi yardımların verilməsi, tədris idman isləri və kütləvi idman tədbirlarinin keçirilməsi, Həmkarlar İttifaqı fəallarının mükafatlandırılması, işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili “Abşeron”, “Günəşli”, “Şıx”, “Bilgəh”, “Naftalan”, “Qaranquş, sanatoriya-kurort mərkəzlərinə yollayışın (putyovkanın) verilməsi istiqamətində işlər apardığını qeyd etdi. Eyni zamanda şirkətin filialı Kollektiv müqavilədə işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində illik büdcəsində maddi yardım üçün nəzərdə tutulmuş məbləğ həddi çərçivəsində ilk dəfə ailə quran işçiyə, işçinin 50, 55, 60, 65 yaşı tamam olduqda, işçinin uşağı dünyaya gəldikdə, hər uşağa görə, öhdəsində anadangəlmə və ya uşaqlıqdan əlil, eləcə də talassemiya xəstəliyindən əziyyət çəkən ailə üzvü olan işçiyə (yaşından asılı olmayaraq), ildə bir dəfə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü (1 iyun), dərs ilinin başlanması ilə əlaqədar birinci sinifə gedən uşağına görə işçiyə (valideynlərdən birinə) məktəb ləvazimatı almaq məqsədi ilə, işçi vəfat etdikdə, işçinin birgə yaşadığı ailə üzvlərindən birinə (ailə üzvlərindən birinin yazılı müraciəti əsasında) işçinin ailə üzvü (ata, ana, ər-arvad, uşaqlar) vəfat etdikdə, təbii fəlakət, yanğın, zəlzələ, sel və s. zamanı işçiyə zərər dəydikdə (təbii fəlakətin baş verməsi və həmin işçiyə zərərin dəyməsi faktı müvafiq dövlət orqanının qərarı ilə təsdiq edildikdə) böyük həcmdə  maliyyə vəsaiti ayrıldığını qeyd etdi.

“Shirvan Operatig Company Ltd”  şirkətində 2017-ci ildə və 2018- ci ilin ilk iki ayı ərzində heç bir bədbəxt hadisə və xəsarət alan olmaması xüsusi olaraq sevindirici haldır.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti, işgüzar fəaliyyəti neft strategiyası, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması yanacaq-enerji siyasətinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Bir sözlə, neft-qaz sektorunda mövcud vəziyyətin respublika iqtisadiyyatına, onun tərəqqisinə əsaslı təsiri vardır, onun yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır.

Sadiq Qurbanov,

Az.NQSİHİRK-nin sədr müavini