21 may 2018 23:54
1936

Ələt Azad İqtisadi Zonasının yaradılması reallaşır

Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışındakı niqtində  məkan olaraq  Ələt qəsəbəsinin seçilməsi də təsadüfi olmadığını, həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynadığını bildirmişdi: “Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır”.

Xatırladaq ki, 17 mart 2016-cı ildə Prezident İlham Əliyev “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələrək Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti  ilə konsaltinq müqaviləsi  imzalanıb. Dünya üzrə 78 terminala sahib  şirkət Ələt Azad İqtisadi Zonasının (AİZ) inkişaf planını hazırlayıb və ötən il hökümətə təqdim edib. 

Ələt AİZ beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna rol oynayacaq.  Yeni limanın da daxil olduğu AİZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazini əhatə edəcək. Burada qeyri-neft sektoru üzrə əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması, o cümlədən istehsal sahələri qurmaq, malların regional distributorluğunu həyata keçirmək  və məhsulu yaxın bazarlara ixrac etmək üçün əlverişli şəraitin yaradılması planlaşdırılıb. Ümumilikdə AİZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi nəzərdə tutulub.

Qeyri-neft sektoruna xarici investorların gəlməsi isə əlavə sərmayə, maliyyə, qabaqcıl texnologiya, müasir tələblərə cavab verən idarəetmə təcrübəsi, rəqabət qabiliyyətli çoxsaylı təsərrüfat subyektlərinin yaradılmasıdır. Bu, eyni zamanda, ölkənin qeyri-neft ümumi daxili məhsul istehsalının və ixracın artması və Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılmasına gətirib çıxara bilər. 

Mütəxəssislərin regionun iqtisadi potensialının dəyərləndirmələrindən, belə qənaətə gəlmək olur ki, Ələt AİZ-nın işə düşməsi ilə Azərbaycan ilk növbədə tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və daha çox yükdaşımalara nail olacaq.

Ələtdə formalaşdırılacaq zonanın digər azad iqtisadi zonalardan əsas fərqi isə bu zona ilə bağlı ayrıca bir qanunun qəbul edilməsidir. Bununla da zonanın fəaliyyəti ayrıca bir qanunla tənzimlənəcək ki, bu da zonadaxili bütün məsələlər qanunvericilik çərçivəsində həll edilməsinə imkan verəcək. Nəticə etibarilə bu, investorların hüquqlarının qorunmasına təminat verməklə bu sahəyə daha çox investisiyanın cəlb edilməsinə şərait yaradacaq.

Qeyd edək ki, bu günlərdə Milli Məclisdə “Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiqlənib.

Ceyhun Piriyev, “İki sahil”