23 avqust 2017 18:07
730

700 bal toplamış tələbələr "Veysəloğlu" Şirkətlər Qrupunda

“Veysəloğlu” Şirkətlər Qrupunda 700 bal toplamış tələbələrlə görüş

Ötən gün “Veysəloğlu” Şirkətlər Qrupunda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentlərlə görüş keçirilib.

“Veysəloğlu” Şirkətlər Qrupunun vitse-prezidenti İlqar Nuri gəncləri təbrik edərək onlara yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb. İlqar Nuri təmsil etdiyi şirkətin savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verdiyini, gələcəkdə onların da “Veysəloğlu” Şirkətlər Qrupunda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirib. 

Daha sonra Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tədbir iştirakçılarına Azərbaycanın qida sektorunda özünün xüsusi rolu və yeri olan şirkət haqqında qısa məlumat verərək qurumun daim gənclərə dəstək olduğunu və gənclərlə birlikdə inkişaf etdiyini söyləyib. İ.Məmmədov, həmçinin bildirib ki, şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədris hər zaman öncül yer tutub. O vurğulayıb ki, bu gün “Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların böyük əksəriyyəti gənclərdir və şirkətin inkişafında məhz gənclərin xidmətləri əvəzolunmazdır.

Qeyd olunub ki, “Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif formatlı layihələr həyata keçirir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.

Görüşdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ən yüksək nəticə qazanmış 15 gəncə “Veysəloğlu” Şirkətlər Qrupu adından pul mükafatı, eləcə də “Ulduz” şokolad fabrikinin məhsulları təqdim edilib.

Mükafatlandırmadan sonra tələbələr və onların valideynləri “Ulduz” şokolad fabrikində istehsal prosesi ilə yaxından tanış olublar.

Orxan Vahidoğlu, “İki sahil”